İsveçin keçmiş baş naziri Olof Palmenin qətlindən 40 il keçməsinə baxmayaraq, bu cinayət hələ də ölkənin ən böyük sirri olaraq qalır. 1986-cı il fevralın 28-də Stokholm küçəsində kinodan evə qayıdarkən yaxın məsafədən güllələnən Palme hadisəsi bu günə qədər tam açılmayıb.
İstintaq 2020-ci ildə bağlansa da, həvəskar araşdırmaçılar və podkast komandaları işi yenidən gündəmə gətirmək üçün süni intellekt texnologiyalarından istifadə etməyə başlayıblar. “Spår” (“İz”) adlı kriminal podkast layihəsi İsveç və Belçika proqram təminatı şirkətləri ilə birlikdə xüsusi süni intellekt mühərriki hazırlayıb.
Layihənin həmtəqdimatçısı Anton Berqin sözlərinə görə, məqsəd mövcud materialları yenidən təhlil edərək yeni ipucları tapmaq və işi yenidən açmaq üçün əsas formalaşdırmaqdır. O bildirib ki, süni intellekt 30 minə yaxın açıq rəqəmsal sənədi bir saniyədən az vaxtda analiz edə bilir. Halbuki istintaq materiallarının ümumi həcmi 500 min səhifəyə yaxındır və onların oxunması illər tələb edərdi.
Palmenin qətli ilə bağlı illər ərzində müxtəlif versiyalar irəli sürülüb. İttihamlar Cənubi Afrikanın aparteid dövrü təhlükəsizlik xidmətlərindən tutmuş, kürd silahlı qruplaşmalarına, sağçı ekstremistlərə və təkbaşına hərəkət edən şəxslərə qədər uzanıb. Bir nəfər məhkum edilsə də, sonradan bəraət alıb. 2020-ci ildə prokurorluq əsas şübhəlinin öldüyünü əsas gətirərək işi bağlayıb.
İsveç polisi süni zəkanın istintaqda istifadə edilib-edilmədiyi barədə açıqlama verməyib. Rəsmi mövqeyə görə, iş yalnız yeni və ciddi sübutlar ortaya çıxacağı halda yenidən açılacaq.
Ekspertlər bildirirlər ki, süni intellekt kriminal araşdırmalarda yeni mərhələ yarada bilər. 2018-ci ildə ABŞ-da “Golden State Killer” ləqəbli seriyalı qatilin tutulmasında AI dəstəklı DNT analizindən istifadə olunmuşdu. Lakin İsveçdə bəzi hüquqşünaslar və mütəxəssislər məlumat boşluqları və itirilmiş sənədlər səbəbindən süni intellektin bu işdə möcüzə yaratmasının çətin olacağını qeyd edirlər.
İsveç Prokurorluq İdarəsinin nümayəndələri vurğulayır ki, süni intellekt mövcud olmayan məlumatı yarada bilməz və ilkin istintaq mərhələsində buraxılan səhvlər bu gün də əsas problem olaraq qalır.
Palmenin ölümünün 40-cı ildönümü münasibətilə vətəndaş təşəbbüs qrupları parlamentə müraciət edərək işin yenidən açılmasını tələb edirlər. Süni intellektin bu tarixi sirri açıb-aça bilməyəcəyi isə hələlik açıq sual olaraq qalır.