Papa XIV Leo seçilərkən konklavda telefon qalmaqalı

Papa XIV Leonun seçildiyi 2025-ci il konklavında bir kardinalın üzərində mobil telefon aşkarlanıb. Hadisə yeni kitabda ilk dəfə açıqlanıb.

51

Vatikanın ən məxfi proseslərindən biri sayılan papa seçimi zamanı gözlənilməz təhlükəsizlik insidenti yaşanıb. MSNews.az “Reuters“-ə istinadən məlumat verir ki, 2025-ci ilin mayında Papa XIV Leonun seçildiyi konklav zamanı 133 kardinaldan birinin üzərində mobil telefon aşkarlanıb.

Hadisə barədə məlumat “The Election of Pope Leo XIV” adlı yeni kitabda yer alıb. Uzun illər Vatikanı izləyən jurnalistlər Cerard O’Konnell və Elizabetta Pike tərəfindən qələmə alınan əsərdə bildirilir ki, Sistina Kapellasında ilk səsverməyə hazırlıq zamanı təhlükəsizlik sistemi aktiv mobil siqnal qeydə alıb.

Mənbəyə görə, kardinalın cibində telefon olması digər ruhani şəxslər arasında heyrət doğurub. Daha sonra yaşlı kardinallardan biri cibində telefon olduğunu anlayaraq onu təhvil verib. Kitabda həmin şəxsin adı açıqlanmır və onun hər hansı qəsd niyyəti olduğu iddia edilmir. Müəlliflər qeyd edirlər ki, bu hadisə “müasir konklav tarixində görünməmiş” bir pozuntu idi.

Konklav iştirakçıları ənənəyə uyğun olaraq xarici dünya ilə bütün əlaqəni kəsmək barədə and içir və telefon da daxil olmaqla bütün rabitə vasitələrini təhvil verirlər. Sistina Kapellası xüsusi siqnal bloklayıcı avadanlıqla təchiz olunur ki, sızma riski minimuma endirilsin.

Kitab həmçinin Papa XIV Leonun seçilməsi prosesinə dair səsvermə detalları barədə ilk dəfə məlumat açıqlayır. Bildirilir ki, əsas rəqabət iki namizəd – italiyalı kardinal Pietro Parolin və ABŞ kardinalı Robert Prevost arasında gedib.

Mayın 7-də keçirilən ilk səsvermədə Prevost 20-30 arası səs toplayıb ki, bu da konklavın ilkin mərhələsi üçün yüksək göstərici sayılır. Mayın 8-də baş tutan dördüncü turda isə o, 108 səslə qalib gələrək Papa XIV Leo elan olunub və ABŞ-dan seçilən ilk pontifik olub.

Filippinli kardinal Luis Antonio Taqle isə seçki öncəsi favoritlərdən sayılsa da, kitabın məlumatına görə, 10 səsdən artıq dəstək ala bilməyib.

Vatikanın mətbuat xidməti kitabda yer alan iddialarla bağlı hələlik rəsmi açıqlama verməyib.