İranda idman zalına zərbə: onlarla ölən və yaralanan var

İranın Ləmərd şəhərində idman zalına endirilən zərbə nəticəsində onlarla insanın həlak olduğu bildirilir. Raket hücumu fonunda regionda qarşılıqlı əməliyyatlar davam edir.

40

İsrail və ABŞ-ın İranın cənubunda yerləşən Ləmərd şəhərindəki idman zalına endirdiyi zərbə nəticəsində onlarla insanın həlak olduğu bildirilir.

IRIB SNN telekanallarının yerli hakimiyyət orqanlarına istinadən yaydığı məlumata görə, hücum zamanı 19-20 voleybolçu qız ölüb, təxminən 100 nəfər isə yaralanıb. IRIB ilkin məlumatlarda 15-dən çox insanın həyatını itirdiyini açıqlayıb və hücum anında zalda uşaqların idmanla məşğul olduğunu bildirib.

Qeyd olunur ki, Fars vilayətində yerləşən şəhər ərazisinə dörd raket düşüb. Hadisə ilə bağlı müstəqil təsdiq hələlik yoxdur.

Xatırladaq ki, İsrailin müdafiə naziri Israel Katz daha əvvəl ölkə ordusunun İrana qarşı “Şir nəriltisi” (“Lion’s Roar”) adlı preventiv əməliyyata başladığını bəyan etmişdi. ABŞ prezidenti Donald Tramp isə Vaşinqtonun da hərbi əməliyyatda iştirak etdiyini bildirib. ABŞ Müdafiə Nazirliyi əməliyyatın “Operation Epic Fury” adlandırıldığını açıqlayıb.

İran buna cavab olaraq İsrail istiqamətində onlarla ballistik raket buraxıb. İsrail Müdafiə Qüvvələri raket atışlarını təsdiqləyib, ölkə boyu hava həyəcanı siqnalları səslənib və müdafiə sistemləri işə salınıb. Bundan əlavə, Tehran Yaxın Şərqdə yerləşən ABŞ bazalarına – Qətər, BƏƏ, Bəhreyn, İraq, Səudiyyə Ərəbistanı və İordaniyadakı obyektlərə zərbələr endirdiyini açıqlayıb və əməliyyatı “Həqiqi vəd 4” adlandırıb.