İran: Uranın zənginləşdirməsi ehtiyaclara uyğun şəkildə davam edəcək

İran rəsmisi İlyas Həzrəti uranın zənginləşdirilməsinin dayandırılmayacağını və ABŞ ilə danışıqlarda əsas tələbin sanksiyaların ləğvi olduğunu açıqlayıb.

47

İran Prezident Administrasiyasının İnformasiya Şurasının sədri İlyas Həzrəti, ABŞ mətbuatında İran–ABŞ danışıqları ilə bağlı yayılan iddiaların reallığı əks etdirmədiyini bildirib və uranın zənginləşdirməsi fəaliyyətlərinin ölkənin ehtiyacları əsasında davam edəcəyini bəyan edib.

Həzrəti “X” sosial media platformasında paylaşdığı açıqlamada qeyd edib ki, danışıqlar ciddi atmosferdə və texniki detallara əsaslanaraq aparılır. O vurğulayıb ki, “The Wall Street Journal” və “The New York Times” tərəfindən formalaşdırılan informasiya fonu müzakirələrin real mahiyyətini əks etdirmir.

İran rəsmisi bildirib ki, zənginləşdirilmiş uran ölkədən çıxarılmayacaq və yalnız seyrəldilmə kimi texniki variantlar müzakirə predmeti ola bilər. Onun sözlərinə görə, Tehran danışıqlarda əsasən iqtisadi sanksiyaların aradan qaldırılmasını tələb edir və prosesin detalları Xarici İşlər Nazirliyi tərəfindən açıqlanacaq.

İran tərəfi ABŞ ilə aparılan müzakirələrdə ölkənin dinc nüvə enerjisindən istifadə hüququnun tanınmasını və nüvə proqramı çərçivəsində yanacaq istehsalı potensialının qorunmasını əsas prinsip kimi irəli sürür. İran dövlət mediasının diplomatik mənbələrə istinadla yaydığı xəbərlərdə, zənginləşdirilmiş nüvə materiallarının xaricə ötürülməsinin qəti şəkildə rədd edildiyi qeyd olunur.

Xatırladaq ki, İran və ABŞ arasında nüvə danışıqları 2025-ci ilin iyununda baş verən hərbi gərginlikdən sonra dayandırılmış, daha sonra Türkiyə və region ölkələrinin təşəbbüsü, eləcə də Omanın vasitəçiliyi ilə yenidən bərpa olunmuşdu. Fevralın 6-da Omanda başlayan dolayı danışıqlar 17 və 26 fevral tarixlərində Cenevrədə davam etdirilib. Vasitəçi kimi çıxış edən Omanın xarici işlər naziri Bədr bin Hamed əl-Busaidi danışıqlarda mühüm irəliləyişlərin əldə edildiyini açıqlayıb.