BHRT maliyyə böhranı səbəbindən müntəzəm yayımları dayandırdı

Bosniya və Herseqovina Dövlət Televiziyası BHRT maliyyə böhranı səbəbindən müntəzəm yayımını müvəqqəti dayandırıb, yalnız xəbər buraxılışları efirdə qalacaq.

43

Bosniya və Herseqovinanın ictimai yayımçısı Bosniya və Herseqovina Radio və Televiziyası (BHRT) ciddi maliyyə böhranı fonunda bu gün yerli vaxtla saat 07:00-dan etibarən müntəzəm yayım axınını müvəqqəti olaraq dayandırıb.

Sarayevodan yayımlanan rəsmi açıqlamada bildirilib ki, gün ərzində yalnız xəbər buraxılışları adi vaxtlarda efirə veriləcək, qurum rəhbərliyi isə vəziyyətlə bağlı fövqəladə bəyanatla çıxış edəcək.

BHRT-nin açıqlamasında bu addımın mümkün tam bağlanma təhlükəsinə dair ciddi xəbərdarlıq xarakteri daşıdığı vurğulanıb. Qeyd olunub ki, səlahiyyətli qurumlar təcili qərar qəbul etmədiyi halda, BHRT-nin bank hesablarının bloklanması və ictimai yayımçılıq missiyasını yerinə yetirə bilməməsi riski var. Bildirilib ki, Bosniya və Herseqovina dövlət qurumları, entitet strukturları və Yüksək Təmsilçilik Ofisi (OHR) uzun müddətdir ictimai yayımın maliyyələşdirilməsi probleminə lazımi diqqət göstərmir. Açıqlamada vurğulanıb ki, BHRT ölkədəki bütün vətəndaşların yayımçısıdır və onun fəaliyyətinin dayanması ümumi media məkanının itirilməsi demək olacaq. Bu səbəbdən Bosniya və Herseqovina Parlamentarilər Məclisi, Nazirlər Şurası və OHR-nin dərhal hərəkətə keçməsi tələb olunur.

Yerli medianın məlumatına görə, Avropa Yayın Birliyi (EBU) BHRT-yə faizlərlə birlikdə təxminən 11 milyon avro məbləğində borcun ödənilməsi üçün verdiyi möhlət iki gün sonra başa çatır. Borcun ödənilməyəcəyi təqdirdə qurumun bank hesablarının bloklanması gündəmdədir. Bundan əvvəl BHRT əməkdaşları maliyyə böhranı və bağlanma təhlükəsinə etiraz olaraq Sarayevodakı parlament binası qarşısında aksiya keçirib, hətta “BHRT-ni bağlamayın” şüarı ilə müvəqqəti studiya quraraq canlı yayım təşkil ediblər. İşçilər maliyyə çatışmazlığı səbəbindən texniki avadanlıqların köhnəldiyini, proqram layihələrinin təxirə salındığını və ixtisaslı kadrların qurumu tərk etdiyini bildiriblər.