“Nvidia”-nın gəliri 73 faiz artaraq bazar gözləntilərini üstələdi

ABŞ-ın çip istehsalçısı Nvidia-nın rüblük gəliri 73 faiz artaraq 68,1 milyard dollara çatdı, xalis mənfəət isə 94 faiz yüksəldi.

43

ABŞ-nin Kaliforniya ştatında yerləşən çip istehsalçısı “Nvidia” 2026-cı maliyyə ilinin dördüncü rübü hesab edilən və yanvarın 25-də başa çatan üç aylıq dövr üzrə maliyyə nəticələrini açıqlayıb.

Nyu-Yorkda yayımlanan hesabata əsasən, şirkətin sözügedən dövrdəki gəliri illik müqayisədə 73 faiz artaraq 68,1 milyard dollara yüksəlib və bazar gözləntilərini geridə qoyub. Analitiklərin proqnozu “Nvidia”-nın bu rübdə 65,56 milyard dollar gəlir əldə edəcəyi yönündə idi. Şirkət gəlirini əvvəlki rüblə müqayisədə də 20 faiz artırıb, halbuki ötən ilin eyni dövründə bu göstərici 39,3 milyard dollar təşkil edirdi.

“Nvidia”-nın 2026-cı maliyyə ili üzrə ümumi gəliri isə illik bazda 65 faiz artaraq təxminən 216 milyard dollara çatıb. Şirkət cari rüb üçün gəlir gözləntisini 78 milyard dollar səviyyəsində açıqlayıb və bu proqnozlara Çindən əldə edilə biləcək məlumat mərkəzi gəlirlərinin daxil edilmədiyini vurğulayıb. Maliyyə nəticələrinə əsasən, “Nvidia”-nın xalis mənfəəti də rüblük dövrdə illik 94 faiz artaraq 42,96 milyard dollara yüksəlib, ötən ilin eyni dövründə isə bu göstərici 22,1 milyard dollar idi. Hər səhmə düşən mənfəət 2025-ci maliyyə ilinin dördüncü rübündəki 0,89 dollardan 1,76 dollara qalxıb və bu nəticə də bazar gözləntilərini üstələyib. Şirkətin qurucusu və baş icraçı direktoru Yensen Huanq bildirib ki, emal gücünə olan tələbat sürətlə artır və müştərilər gələcək böyüməni dəstəkləyən süni intellekt hesablamalarına böyük həcmdə investisiya qoymaq üçün yarışırlar.