“Wall Street”-dən kapital çıxışı sürətlənir – “Bye America”

ABŞ səhm bazarından son aylarda 75 milyard dollar çıxarılıb. İnvestorlar vəsaitlərini Cənubi Koreya və Braziliya kimi xarici bazarlara yönəldir.

43

ABŞ-da investorlar son aylarda yerli səhm bazarından kapitallarını sürətlə geri çəkərək xarici bazarlara yönəldir. “Reuters”-in yaydığı məlumata görə, bu proses son 16 ilin ən sürətli kapital çıxışı kimi qiymətləndirilir. Altı ay ərzində ABŞ səhm fondlarından təxminən 75 milyard dollar vəsait çıxarılıb ki, bunun 52 milyard dolları yalnız 2026-cı ilin əvvəlindən indiyədək qeydə alınıb.

Analitiklər bildirirlər ki, investorların qərarında bir neçə amil rol oynayır. ABŞ-da, xüsusilə texnologiya sektorunda yüksək qiymətləndirmələr və gəlirliliklə bağlı narahatlıqlar, eləcə də digər ölkələrdə daha əlverişli investisiya imkanlarının yaranması kapitalın istiqamətini dəyişib. Nəticədə vəsaitlərin bir hissəsi inkişaf etməkdə olan bazarlara, o cümlədən Cənubi Koreya və Braziliya kimi ölkələrə yönəlib.

Mütəxəssislər hesab edirlər ki, bu tendensiya “Buy America” (“Amerikanı al”) strategiyasından “Bye America” (“Amerikaya vida”) istiqamətinə doğru gedən qlobal kapital yerdəyişməsini işarə edir — yəni ABŞ-da sərmayə qoyuluşu azalmağa başlayıb və daha ucuz, daha sürətli böyüyən bazarlara hərəkət güclənir.  ABŞ bazarları hələ də dünyanın ən iri və likvid maliyyə mərkəzi olaraq qalır, lakin son göstəricilər kapital axınında balansın dəyişdiyini göstərir.