Qazaxıstan Xəzər dənizi üçün 2,2 milyon dollar ayırdı

Qazaxıstan hökuməti su səviyyəsi azalan Xəzər dənizinin qorunması və elmi araşdırılması üçün 1,1 milyard tenge vəsait ayırıb.

29

Qazaxıstan hökuməti su səviyyəsi son illər kəskin azalan Xəzər dənizinin qorunması və elmi tədqiqi üçün 1,1 milyard təngə (2,2 milyon ABŞ dollarından çox) vəsait ayırıb.

Qərar Qazaxıstanın Baş naziri Oljas Bektenov tərəfindən imzalanıb. Sənədə əsasən, ayrılan maliyyə vəsaiti hökumət ehtiyat fondundan qarşılanacaq və dənizin ekoloji dayanıqlığının təmin edilməsinə yönəldiləcək.

Vəsaitin ötən il Aktau şəhərində yaradılmış “Xəzər dənizi Elmi-Tədqiqat İnstitutu”na ayrılacağı bildirilib. Məqsəd institutun elmi və texniki imkanlarını gücləndirməkdir.

Qərara əsasən, maliyyə dəniz monitorinqi üçün avadanlıqların alınmasına, hidrobiologiya və hidrokimya laboratoriyalarının təchizinə sərf olunacaq. Bu, institutun birbaşa dəniz akvatoriyasında genişmiqyaslı müşahidələr aparmasına, hidrometeoroloji və bioloji göstəriciləri müntəzəm izləməsinə və Qazaxıstanın Xəzərlə bağlı elmi məlumat bazasını genişləndirməsinə imkan verəcək.

Qazaxıstan Xəzər dənizinin ən uzun sahil xəttinə malik ölkəsidir. Dənizin su səviyyəsinin azalması rəsmi Astananı ciddi narahat edir. Xəzər həm ölkənin ən böyük neft yataqlarına ev sahibliyi etməsi, həm də Avropaya çıxışı təmin edən mühüm tranzit marşrut olması baxımından strateji əhəmiyyət daşıyır.