Modi “yeni ittifaq oxu” ideyasını dəstəklədi

Hindistanın Baş naziri Narendra Modi İsrailin Baş naziri Benyamin Netanyahunun Aralıq dənizi və Orta Şərqdə “yeni ittifaq oxu” yaratmaq təşəbbüsünə dəstək verib.

31

Hindistanın Baş naziri Narendra Modi, İsrailin Baş naziri Binyamin Netanyahunun Aralıq dənizi və Yaxın Şərq regionunda “yeni ittifaq oxu” formalaşdırmaq təşəbbüsünə açıq dəstək verib.

Modi “X” sosial şəbəkəsindəki paylaşımında Netanyahunun açıqlamalarına cavab verərək, Hindistan–İsrail münasibətlərinin dərin və çoxşaxəli xarakter daşıdığını bildirib. O, iki ölkə arasında uzun illərə söykənən münasibətlərin “qarşılıqlı etimad, innovasiya, sülh və tərəqqi” prinsipləri üzərində qurulduğunu vurğulayıb və bu dostluğa xüsusi önəm verdiklərini qeyd edib.

Hindistanın Baş naziri İsrailə planlaşdırılan səfəri çərçivəsində aparılacaq görüşləri səbirsizliklə gözlədiyini də açıqlayıb.

Xatırladaq ki, İsrailin Baş naziri Netanyahu daha əvvəl Aralıq dənizi hövzəsi və Orta Şərqdə İsrailin düşmən hesab etdiyi qüvvələrə qarşı yeni bir ittifaq oxunun formalaşdırılması niyyətində olduqlarını bəyan edib. Onun sözlərinə görə, bu ittifaq Hindistan, bəzi ərəb və Afrika ölkələri, Yunanıstan, Cənubi Kipr Rum Administrasiyası və bir sıra Asiya ölkələrini əhatə edə bilər.

Netanyahu bu təşəbbüsün məqsədinin oxşar təhlükə və çağırışlarla üzləşən dövlətləri bir platformada birləşdirmək olduğunu bildirib və yaranmaqda olan bu “altıbucaqlı” ittifaqın detalları ilə bağlı yaxın günlərdə əlavə məlumat veriləcəyini qeyd edib. O, həmçinin Narendra Modinin 25 fevral tarixində İsrailə rəsmi səfər edəcəyini açıqlayıb.