İranın hava müdafiə sistemini yenidən qurmaq məqsədilə Rusiya ilə təxminən 500 milyon avro dəyərində gizli raket sazişi imzaladığı iddia edilib.
Məlumatı yayımlayan “Financial Times” qəzetinin əldə etdiyi sənədlərə əsasən, razılaşma 2025-ci ilin dekabrında Moskvada imzalanıb. İddialara görə, saziş çərçivəsində Rusiya üç il ərzində İrana 500 ədəd “Verba” tipli daşınan buraxılış qurğusu və 2500 ədəd “9M336” tipli raket təhvil verməyi öhdəsinə götürüb.
Təxminən 500 milyon avro dəyərində qiymətləndirilən razılaşmaya əsasən, sistemlərin 2027–2029-cu illər arasında üç mərhələdə İrana çatdırılması planlaşdırılır. Bəzi mənbələr isə müəyyən sayda sistemlərin planlaşdırılandan əvvəl təhvil verilmiş ola biləcəyini bildirir.
İddialara görə, 2025-ci ilin iyununda İsrail və ABŞ tərəfindən İrana qarşı həyata keçirilən və 12 gün davam edən hərbi əməliyyatlardan sonra Tehran rəhbərliyi iyul ayında Rusiyadan bu müdafiə sistemlərini rəsmi şəkildə tələb edib. Məqsədin strateji obyektlərin qorunması və hava müdafiə imkanlarının gücləndirilməsi olduğu qeyd olunur.
“Verba” sistemi Rusiyanın ən müasir daşınan hava hücumundan müdafiə komplekslərindən biri hesab edilir. Bu sistem aşağı hündürlükdə uçan pilotsuz uçuş aparatları (PUA) və qanadlı raketlərə qarşı effektiv hesab olunur.