Pakistanda əməliyyat: 5 silahlı zərərsizləşdirildi, 2 hərbçi həlak oldu

Pakistanın xayber Paxtunxva əyalətinin Bannu bölgəsində keçirilən əməliyyatda 5 silahlı zərərsizləşdirilib, 2 hərbçi həyatını itirib.

30

Pakistanın şimal-qərbində yerləşən Xayber Paxtunxva əyalətinin Bannu bölgəsində təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat zamanı 5 silahlının zərərsizləşdirildiyi, 2 hərbçinin isə həlak olduğu bildirilib.

“Inter-Services Public Relations” (ISPR) tərəfindən yayılan açıqlamada qeyd olunub ki, təhlükəsizlik qüvvələrinə məxsus konvoy Hindistan tərəfindən dəstəkləndiyi iddia edilən silahlılar tərəfindən hədəfə alınıb. Kəşfiyyat məlumatı əsasında həyata keçirilən əməliyyat zamanı silahlılarla atışma baş verib. Nəticədə 5 nəfər zərərsizləşdirilib, 2 Pakistan hərbçisi isə toqquşma zamanı həyatını itirib.

Son illər Pakistanda silahlı hücumlar əsasən Əfqanıstanla sərhəddə yerləşən Xayber Paxtunxva və Bəlucistan əyalətlərində intensivləşib. İslamabad rəhbərliyi “Təhrik-i-Taliban Pakistan”ın (TTP) Əfqanıstan ərazisində mövqe tutduğunu və hücumları oradan təşkil etdiyini iddia edir. Əfqanıstan tərəfi isə bu ittihamları rədd edir.

Eyni zamanda Bəlucistan Azadlıq Ordusu (BLA) tərəfindən Bəlucistan əyalətində həyata keçirilən hücumlar da təhlükəsizlik vəziyyətini gərgin saxlayır. Qrup bölgənin Pakistandan ayrılmasını və beluc xalqının özünüidarəsini tələb edir.