Taker Karlson: “İsrail ABŞ üçün böyük yükdür”

ABŞ-li jurnalist Taker Karlson İsrail–ABŞ münasibətlərini tənqid edərək, Vaşinqtonun diqqətini daxili problemlərə yönəltməli olduğunu bildirib.

32

Amerikalı jurnalist Taker Karlson İsrail səfərindən sonra Səudiyyə Ərəbistanının “Rotana Haliciyye” telekanalına verdiyi müsahibədə ABŞ–İsrail münasibətlərini tənqid edib. O bildirib ki, ABŞ daxilində iqtisadiyyat, miqrasiya və milli birlik kimi ciddi problemlər mövcud olduğu halda diqqətin İsrailə dəstəyə yönəldilməsi doğru deyil və “İsrail ABŞ üçün çox böyük yükdür” ifadəsini işlədib.

Karlson vurğulayıb ki, o, İsrail hökumətini deyil, Vaşinqtonun siyasətini tənqid edir. Onun sözlərinə görə, İsrailin Baş naziri Benyamin Netanyahu öz ölkəsinin maraqları naminə hərəkət edir və bu məqsədlə ABŞ-dan istifadə etməyə çalışır. Jurnalist isə ABŞ rəhbərliyinin buna niyə imkan verdiyini anlamadığını bildirib.

O, bəzi ABŞ siyasətçilərinin İranla bağlı mümkün rejim dəyişikliyi ssenarisinə dəstək verdiyini xatırladaraq sual edib: “İsrail adına İran hökumətini devirmək ABŞ-nin maraqlarına necə xidmət edə bilər?” Karlson əlavə edib ki, belə bir addım nə ABŞ-nin, nə region ölkələrinin, nə də İsrailin uzunmüddətli maraqlarına uyğun görünür.

Jurnalist bəzi senatorların İsrailə dəstəyi öz seçicilərinin maraqlarından üstün tutduğunu iddia edərək, xüsusilə Ted KruzLindsi Qraham kimi siyasətçiləri sərt tənqid edib. Onun fikrincə, ABŞ liderləri xarici münaqişələrə fokuslanmaq əvəzinə ölkədaxili problemlərin həllinə üstünlük verməlidirlər.