İran hökuməti ABŞ Prezidenti Donald Trampın ölkədəki etiraz aksiyaları zamanı “32 min nəfərin öldüyü” barədə açıqlamasına sərt reaksiya verib və bu iddianın sənədlərlə sübut olunmasını tələb edib.
İranın xarici işlər naziri Abbas Araqçi sosial şəbəkə hesabında yaydığı bəyanatda rəsmi Tehranın etirazlar zamanı həlak olanlarla bağlı geniş siyahı dərc etdiyini xatırladıb. Onun sözlərinə görə, yayımlanan məlumatlara əsasən, 200-ü təhlükəsizlik əməkdaşı olmaqla ümumilikdə 3117 nəfər həyatını itirib. Nazir bildirib ki, təqdim olunan rəqəmlərə şübhə edənlər iddialarını fakt və sənədlərlə əsaslandırmalıdır.
İran Prezident Administrasiyası 1 fevral tarixli açıqlamasında ölənlərdən 2986 nəfərin adlarının dərc olunduğunu, 131 nəfərin kimliyinin müəyyənləşdirilməsi prosesinin davam etdiyini bildirmişdi. ABŞ mərkəzli “Human Rights Activists News Agency” (HRANA) isə 16 fevral açıqlamasında etirazlarda həlak olanların sayının 214-ü təhlükəsizlik əməkdaşı olmaqla 7015 nəfər olduğunu iddia edib.
Qeyd edək ki, İranda etirazlar 28 dekabr 2025-ci ildə milli valyutanın kəskin dəyər itirməsi və iqtisadi problemlərin dərinləşməsi fonunda başlayıb, sonradan paytaxt Tehran da daxil olmaqla ölkənin müxtəlif bölgələrinə yayılıb. Yanvarın əvvəlində baş verən toqquşmalar zamanı hökumət internetə çıxışı məhdudlaşdırıb və təhlükəsizlik qüvvələri aksiyalara müdaxilə edib.
Digər tərəfdən, İran Silahlı Qüvvələri son günlər “Hörmüz boğazının Ağıllı Nəzarəti” adlı təlim çərçivəsində “Seyyad 3-G” hava hücumundan müdafiə raketinin gəmi bazalı versiyasını sınaqdan keçirib. Rəsmi məlumatlara görə, sistem 150 kilometrədək məsafədə hədəfləri vurmaq qabiliyyətinə malikdir.