ABŞ-da cinsi istismar və insan alveri ittihamları ilə həbs olunmuş və 2019-cu ildə həbsxanada ölü tapılan maliyyəçi Ceffri Epşteyn ilə uzun illər maliyyə əlaqələri olmuş milyarder Les Veksner Konqresə ifadəsində diqqətçəkən açıqlamalar verib.
Veksner bildirib ki, 1980-ci illərdə tanış olduqları zaman Epşteyn özünü Rotşild ailəsi üçün “şəxsi işlər görən” və “bütün ailəni təmsil edən” şəxs kimi təqdim edib. Onun sözlərinə görə, Epşteyn, xüsusilə Fransada ailə və yaxın çevrəsi üçün müxtəlif maliyyə və şəxsi xidmətlər göstərdiyini iddia edib.
Fevralın 18-də ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsinə verilmiş ifadənin tam mətni ictimaiyyətə açıqlanıb. Veksner qeyd edib ki, Epşteyni sığortaçı Bob Mayster vasitəsilə tanıyıb və daha sonra şəxsi maliyyə işlərini idarə etmək üçün onu işə götürüb.
O, həmçinin Epşteynin yüksək vəzifəli “Google” rəhbərlərinə və “Amazon”-un qurucusu Ceff Bezosa maliyyə məsləhətləri verdiyini söylədiyini iddia edib.
İfadə zamanı yayılan videoda Veksnerin vəkili onun qulağına “5 kəlmədən uzun cavab versən səni öldürərəm” deməsi mikrofonlara düşüb və sosial mediada geniş müzakirə olunub. Veksner isə bu sözlərə sadəcə gülərək reaksiya verib.
ABŞ Ədliyyə Nazirliyinin açıqladığı sənədlərdə Veksnerin adı təxminən 1000 dəfə keçir. 1991-ci ildə verilmiş vəkalətnamə ilə Veksner Epşteynə “lazımi bütün əməliyyatları həyata keçirmək üçün tam səlahiyyət” verib.
Epşteyn 2006-cı ildə həbs olunduqdan sonra, 2007-ci ildə bu vəkalətnamə ləğv edilib. Lakin sənədlərdə həmin tarixdən sonra da tərəflər arasında yazışmaların mövcud olduğu bildirilir. Epşteynin yaxın çevrəsindən Gisleyn Maksvel isə Veksneri onun “ən yaxın dostu” kimi xarakterizə edib.
Epşteyn 10 avqust 2019-cu ildə Nyu-Yorkdakı həbsxanada ölü tapılıb. ABŞ Federal Təhqiqat Bürosu (FBI) və Ədliyyə Nazirliyi onun intihar etdiyi qənaətinə gəlib və məşhur şəxslərin daxil olduğu “gizli müştəri siyahısı” ilə bağlı iddialara dair sübut tapılmadığını açıqlayıb.
Veksnerin sərvəti “Forbes” qiymətləndirməsinə görə təxminən 9,1 milyard dollar təşkil edir. Onun sahib olduğu şirkətlər arasında “Victoria’s Secret” və “Bath & Body Works” kimi tanınmış brendlər yer alır.