Nigeriyanın bir sıra tanınmış ictimai və siyasi xadimləri ABŞ hərbçilərinin ölkədə yerləşdirilməsinə qarşı çıxaraq bu addımı suverenliyə zidd və xarici müdaxiləyə yol aça biləcək inkişaf kimi qiymətləndiriblər.
ABŞ və Nigeriya rəsmiləri 11 fevralda təxminən 200 ABŞ hərbçisinin terrorla mübarizə çərçivəsində məsləhət və təlim missiyası üçün müvəqqəti olaraq ölkəyə göndəriləcəyini açıqlamışdı.
İnsan hüquqları vəkili Femi Falana, akademik Cibrin İbrahim və siyasətçi Usman Bugaje daxil olmaqla bir qrup nüfuzlu şəxs birgə bəyanat yayaraq bildiriblər ki, ABŞ hərbçilərinin yerləşdirilməsi konstitusion və suverenlik baxımından ciddi suallar yaradır.
Bəyanatda xatırladılıb ki, Nigeriya keçmişdə xarici hərbi sazişlərə qarşı mövqe sərgiləyib. 1960-cı ildə Böyük Britaniya ilə imzalanmış müdafiə paktının ictimai təzyiq nəticəsində 1962-ci ildə ləğv edildiyi vurğulanıb.
Açıqlamada həmçinin Nigeriyanın keçmiş prezidenti Murtala Muhammedin Afrikanın xarici güclərin təsirindən müstəqil hərəkət etməli olduğu ilə bağlı mövqeyinə istinad olunub.
Tanınmış şəxslər xarici hərbi dəstəyin təhlükəsizliyi uzunmüddətli və davamlı şəkildə artırdığına dair inandırıcı nümunələrin olmadığını bildirərək, yerli təhlükəsizlik qurumlarının potensialının gücləndirilməsinə, kəşfiyyat koordinasiyasının yaxşılaşdırılmasına və müdafiə infrastrukturuna sərmayə yatırılmasına çağırıblar.
Məlumata görə, ABŞ-nin göndərməyi planlaşdırdığı hərbçilərin ilk qrupu 15 fevralda Nigeriyaya çatıb. Təxminən 100 hərbçi ölkənin şimal-şərqində yerləşən Maiduquri şəhərinə və Bauçi ştatına yerləşdirilib.
Nigeriya Müdafiə Nazirliyinin sözçüsü Samaila Uba bildirib ki, ABŞ hərbçiləri birbaşa döyüş əməliyyatlarında iştirak etməyəcək və fəaliyyətlər Nigeriya təhlükəsizlik qüvvələrinin komandanlığı altında həyata keçiriləcək. Onların əsas vəzifəsi kəşfiyyat paylaşımı, taktiki təlim və strateji məsləhətçilikdir.
ABŞ Afrika Komandanlığı – AFRICOM isə açıqlamasında yerləşdirmənin iki ölkə arasında təhlükəsizlik əməkdaşlığı çərçivəsində reallaşdırıldığını bəyan edib.
Xatırladaq ki, Nigeriyanın şimal-şərq bölgəsində terror təşkilatı Boko Haram uzun illərdir təhlükəsizlik təhdidi olaraq qalır.