Ukrayna Prezidenti Volodimir Zelenski Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı sanksiyalar tətbiq etdiklərini açıqlayıb.
Zelenski sosial şəbəkə hesabında paylaşdığı bəyanatda Lukaşenkoya yönəlik sanksiya paketinin icrasına başlandıqlarını bildirib. O qeyd edib ki, bu tədbirlərin beynəlxalq səviyyədə dəstəklənməsi üçün tərəfdaş ölkələrlə iş aparılacaq.
“Bunun qlobal təsir yaratması üçün tərəfdaşlarımızla birlikdə çalışacağıq”, – deyə Zelenski vurğulayıb.
Ukrayna lideri Lukaşenkonu Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni dəstəkləməkdə ittiham edib. Zelenskinin sözlərinə görə, Belarusda 3 mindən çox müəssisə Rusiya hərbi sənayesinə xidmət göstərir və kritik əhəmiyyət daşıyan avadanlıq və komponentlər tədarük edir.
O həmçinin bildirib ki, Rusiya istehsalı olan “Oreşnik” orta mənzilli hipersəsli ballistik raket sistemlərinin Belarus ərazisində yerləşdirilməsinə Lukaşenko icazə verib.
Zelenski əlavə edib ki, 2025-ci ildə Belarus ərazisində Rusiyanın Ukraynaya qarşı hücumlarda istifadə etdiyi pilotsuz uçuş aparatlarının (PUA) idarə olunması üçün xüsusi mərkəz yaradılıb.
Kiyev hesab edir ki, Minsk rəhbərliyi Moskvanın hərbi əməliyyatlarında fəal rol oynayır və bu səbəbdən tətbiq olunan sanksiyalar təhlükəsizlik baxımından zəruri addımdır.