“Fitch Ratings”: ABŞ-da büdcə kəsirləri uzun müddət yüksək səviyyədə qalacaq

54

Beynəlxalq kredit reytinq agentliyi “Fitch Ratings” ABŞ-da büdcə kəsirlərinin yaxın illərdə də yüksək səviyyədə qalacağını açıqlayıb. Agentliyin hesabatında vurğulanır ki, son hökumət bağlanması qismən xarakter daşısa da, bu vəziyyət ölkədə dərin siyasi qütbləşməni və mürəkkəb büdcə mexanizminin maliyyə siyasətinin formalaşdırılmasına mane olmağa davam etdiyini açıq şəkildə göstərir.

“Fitch”-in məlumatına görə, Konqresin Daxili Təhlükəsizlik Nazirliyinə ayrılacaq vəsaitlə bağlı razılığa gələ bilməməsi qismən hökumət bağlanmasına səbəb olub. Bu proses əsasən miqrasiya siyasəti ətrafında yaranan fikir ayrılıqları ilə əlaqələndirilir. Bağlanmanın müddəti qeyri-müəyyən qalsa da, danışıqların davam etdiriləcəyi gözlənilir.

Hesabatda qeyd olunur ki, ABŞ-da büdcə kəsirlərinin yüksək qalacağına dair gözləntilərlə yanaşı, əsas makroiqtisadi proqnozlara risklər də mövcuddur. Bu risklərə tariflərlə bağlı ABŞ Ali Məhkəməsi tərəfindən verilməsi gözlənilən qərar da daxildir.

“Fitch” bildirir ki, ABŞ-in “AA+” kredit reytinqi və “durğun” proqnozu son 20 ildə xüsusilə maliyyə sahəsində zəifləyən institusional idarəetməni əks etdirir. Qeyd olunur ki, ölkə tarixinin ən uzun – 43 gün davam edən hökumət bağlanmasından cəmi üç ay sonra yeni bir bağlanmanın yaşanması siyasi qütbləşmənin dərinliyini və büdcə məsələlərində iki partiya arasında razılaşmanın nə qədər çətin olduğunu göstərir.

Açıqlamada vurğulanır ki, Konqresin 2027-ci maliyyə ili üzrə büdcə bölgüsündə, xüsusilə noyabrda keçiriləcək aralıq seçkiləri ərəfəsində fiskal konsolidasiyaya maraqlı olacağı gözlənilmir. Qanunvericiliyə əsasən, prezident fevral ayının ilk bazar ertəsi büdcə təklifi təqdim etməli olsa da, bu prosedurun yerinə yetirilmədiyi qeyd olunur.

Konqres Büdcə Ofisinin 10 illik proqnozlarına əsasən, Donald Tramp administrasiyasının ilk ilində həyata keçirilən “Bir Böyük Gözəl Qanun”, tarif siyasəti və miqrasiya sahəsindəki dəyişikliklər böyük büdcə kəsirlərinin formalaşmasına və artıq yüksək səviyyədə olan dövlət borcunun daha da artmasına səbəb olub.

“Fitch”-in son hesablamalarına görə, ABŞ-in ümumi dövlət borcu 2027-ci ildə ÜDM-in 120 faizini keçəcək. Eyni zamanda, tariflərdən əldə edilən gəlirlərin Ali Məhkəmənin qərarından asılı olaraq qeyri-müəyyən qalacağı bildirilir. Xüsusilə, Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktı (IEEPA) çərçivəsində tətbiq edilən tariflərin ləğv edilməsi halında itirilən gəlirlərin hansı sürətlə və hansı mexanizmlərlə kompensasiya ediləcəyi aydın deyil.

Digər maliyyə riskləri sırasında Trampın hərbi xərclərin artırılması çağırışları və vergi güzəştlərindən irəli gələn gözləniləndən daha böyük gəlir itkisi də qeyd olunur. Bununla yanaşı, ABŞ iqtisadiyyatının dolların qlobal ehtiyat valyutası statusu sayəsində maliyyə çevikliyini qoruduğu, süni intellektə yatırımlar və istehlak xərclərinin iqtisadi artımı dəstəklədiyi vurğulanır. “Fitch” 2026-cı il üçün ABŞ iqtisadiyyatının artım proqnozunu 1,9 faizdən 2 faizə yüksəldib.