London polisi niyə “Skotlend-Yard” adlanır?

34

“Skotlend-Yard” sözü tarixdə orta əsrlərə gedib çıxır. X əsrdə İngiltərə kralı Sülhsevər I Edqar (943-975) Şotlandiya kralı II Kennetə (954-995) Londonda Vestminster sarayı da daxil olmaqla bir ərazi hədiyyə etmişdi ki, burada hər il ingilis kralının hüzuruna gəlmək üçün saray tikilsin.

Bu ərazi Şotlandiya ərazisi hesab olunurdu və ənənəyə bütün şotland krallarının dövründə əməl olunurdu. 1603-cü ildə ingilis taxt-tacına şotland sülaləsi olan Stüartlar çıxandan sonra isə bu ənənə unuduldu və “Skotlend-Yard” öz siyasi əhəmiyyətini itirdi.

Saray iki hissəyə ayrıldı: “Böyük Skotlend-Yard” və “Orta Skotlend-Yard”. Zamanla bu binalar hökumət binaları kimi istifadə olunmağa başlandı. 1829-cu ildə Londonda daxili işlər naziri Robert Pil (1788-1850) polis xidmətinin əsasını qoydu və xidmətin binası kimi həmin saraydan istifadə edildi. Xidmətin ilk illərində peşəkar kadr çatışmazlığı ciddi çətinliklər yaratmış, demək olar ki, hər kəs “oğru ovuna” çıxırdı. Cinayətkarlar tutulduqdan sonra onları tutan şəxslərə müəyyən məbləğdə mükafat verilirdi.

“Skotlend-Yard”ın ilk peşəkar polis müfəttişlərindən biri, yazıçı Çarlz Dikkensin yaxın dostu Çarlz Frederik Fild (1805-1874) olmuş, o, Dikkensin “Soyuq ev” romanındakı Bakket obrazının prototipi hesab olunurdu.

Bu gün “Skotlend-Yard” həm İngiltərənin, həm də dünyanın ən böyük polis idarələrindən biridir və burada 30,000 nəfər çalışır.