İsrailin Baş naziri Binyamin Netanyahu bildirib ki, ABŞ ilə İran arasında mümkün razılaşma yalnız uranın zənginləşdirilməsinin dayandırılmasını deyil, İranın bütün nüvə proqramının və bu proqramı mümkün edən infrastrukturun tam şəkildə aradan qaldırılmasını əhatə etməlidir. Netanyahu bu fikirləri Qərbi Qüdsdə keçirilən konfransda çıxışı zamanı səsləndirib.
Netanyahu qeyd edib ki, Donald Tramp ilə apardığı görüşdə əsas diqqət İran məsələsinə yönəlib. Onun sözlərinə görə, əgər ABŞ və İran arasında razılaşma əldə olunacaqsa, bu sənəd bir neçə əsas komponentdən ibarət olmalıdır və bu tələblər təkcə İsrailin deyil, ABŞ-nin, regionun və bütövlükdə dünyanın təhlükəsizliyi baxımından vacibdir.
İsrail Baş naziri ilk növbədə İranın zənginləşdirilmiş uran ehtiyatlarının tam şəkildə ölkə xaricinə çıxarılmasının zəruri olduğunu bildirib. Bunun kifayət etmədiyini deyən Netanyahu, ikinci mərhələdə uranın zənginləşdirilməsinə imkan verən bütün avadanlıq, obyektlər və infrastrukturun məhv edilməli olduğunu iddia edib. Onun sözlərinə görə, üçüncü əsas məsələ İranın ballistik raket proqramının razılaşmaya daxil edilməsi, sonuncu mərhələdə isə regiondakı “vəkil qüvvələrə” göstərilən dəstəyin dayandırılmasıdır.
Netanyahu vurğulayıb ki, Prezident Tramp razılaşma üçün bütün variantları nəzərdən keçirməyə qətiyyətlidir və Vaşinqtonda belə bir fikir formalaşıb ki, İran əvvəlki danışıqlarda fürsəti qaçırdığı üçün bu dəfə eyni səhvi təkrarlamaq ehtimalı aşağıdır.
Netanyahu Qəzzanın hərbsizləşdirilməsi və HƏMAS-ın silahsızlaşdırılması mövzusuna da toxunub. O bildirib ki, hazırda Qəzzada ağır silahlar faktiki olaraq mövcud deyil: “Orada top, tank yoxdur. Ən böyük zərər verən silah avtomat silahlardır.” Bu açıqlama ilə silahsızlaşdırmanın yalnız ağır silahlarla məhdudlaşmayacağını mesajını verib.
İsrail Baş naziri Qəzza zolağından bütün tüfənglərin, raketlərin və raketatanların çıxarılmasının vacib olduğunu qeyd edərək, ABŞ Prezidenti Trampın planına şans verdiklərini deyib. Netanyahu Qəzzada mövcud olduğu iddia edilən 500 kilometrlik tunel şəbəkəsinin təxminən 150 kilometrinin dağıdıldığını bildirərək, “Bu işi sona çatdırmalıyıq. Qəzza İsrail dövləti üçün bir daha heç vaxt təhlükə yaratmayacaq,” deyə əlavə edib.
Netanyahu ABŞ-nin İsraili “nümunəvi müttəfiq” hesab etdiyini bildirib və Vaşinqtondan alınan hərbi yardımı mərhələli şəkildə azaltmaq, 10 il ərzində isə tamamilə dayandırmaq niyyətində olduqlarını açıqlayıb. Onun sözlərinə görə, mövcud razılaşmaya əsasən, qalan üç il və sonrakı yeddi il ərzində bu yardım sıfıra endiriləcək. Netanyahu vurğulayıb ki, məqsəd İsrailin özünə yetən və müstəqil silah sənayesinə malik olmasıdır.