Tramp: “Qəzza üçün 5 milyard dollardan çox beynəlxalq yardım ayrılır”

ABŞ Prezidenti Donald Tramp Qəzza Sülh Şurasına üzv ölkələrin bölgənin yenidən qurulması üçün 5 milyard dollardan artıq maliyyə yardımı vəd etdiyini açıqlayıb.

47

ABŞ Prezidenti Donald Tramp Qəzza üçün yaradılmış Sülh Şurasına üzv ölkələrin bölgənin yenidən qurulması və humanitar ehtiyaclarının qarşılanması məqsədilə 5 milyard ABŞ dollarından artıq maliyyə yardımı göstərməyi öhdələrinə götürdüklərini açıqlayıb.

Prezident bu barədə özünün Truth Social” hesabında paylaşım edib. Tramp bildirib ki, Qəzza üçün formalaşdırılan Sülh Şurası bölgənin bərpasında həlledici rol oynayacaq və artıq bir çox ölkə Şuraya rəsmi şəkildə qoşulub. Onun sözlərinə görə, fevralın 19-da Vaşinqton şəhərində keçiriləcək rəsmi mərasimdə üzv ölkələrin Qəzzada humanitar yardım və yenidənqurma işləri üçün 5 milyard dollardan çox ianə etdikləri ictimaiyyətə açıqlanacaq. ABŞ Prezidenti mərasimdən sonra Qəzza üçün yaradılan Beynəlxalq Sabitlik Qüvvəsinin (ISF) və yerli polis strukturlarının tərkibində minlərlə şəxsin xidmətə başlayacağını da elan edəcəklərini qeyd edib. Tramp açıqlamasında HƏMAS-ın dərhal və tam şəkildə silahsızlanma öhdəliyini yerinə yetirməli olduğunu vurğulayıb və Sülh Şurasının Yaxın Şərqdə davamlı sülhün təmin olunmasında mühüm rol oynayacağına inandığını bildirib.