Uşa Vensin sirli Atəşgah ziyarəti

ABŞ vitse-prezidenti Cey Di Vensin Bakıya səfəri zamanı həyat yoldaşı Uşa Vens Suraxanı Atəşgahını ziyarət edib. Ziyarətin tarixi və simvolik səbəbləri barədə eksklüziv məlumat.

64

ABŞ vitse-prezidenti Cey Di Vensin Bakıya rəsmi səfəri çərçivəsində diqqətçəkən məqam ortaya çıxıb. Məlumata görə, fevralın 12-də keçirilən görüşlərdən sonra proqramdan kənar olaraq Suraxanı Atəşgahına ziyarət təşkil edilib. Mənbələr bildirir ki, bu qərar vitse-prezidentin Hindistan əsilli həyat yoldaşı Uşa Vensin şəxsi istəyi ilə verilib. Başqa iddialara görə isə ziyarətə yalnız xanım Vens qatılıb.

Bu səfər sıradan turistik maraq deyil. Tarixi mənbələr göstərir ki, Suraxanı Atəşgahının hazırkı daş kompleksi XVIII əsrdə əsasən Hindistandan gəlmiş hindu tacirləri və zəvvarlar tərəfindən inşa etdirilib. Məbədin divarlarında sanskrit və qədim hind dillərində kitabələr bu gün də qorunur. Yazılar əsasən Multan və Pəncab bölgələrindən gəlmiş tacirlərin adlarını və dini mətnləri əks etdirir.

Atəşgahın yerləşdiyi ərazidə təbii qaz sızmaları nəticəsində daim alovun yanması əsrlər boyu buranı müqəddəs məkana çevirib. Od kultu həm zərdüştilikdə, həm də hinduizm ənənəsində xüsusi yer tutur. Bu səbəbdən Atəşgah Hindistanla Qafqaz arasında dini və mədəni körpü rolunu oynayıb.

Müşahidəçilər hesab edir ki, Hindistan kökləri olan xanım Vensin bu məkana xüsusi maraq göstərməsi həm şəxsi, həm də simvolik məna daşıyır. Bu ziyarət Azərbaycan–ABŞ münasibətlərində mədəni diplomatiyanın incə detalı kimi də qiymətləndirilir.