Fələstinin xarici işlər naziri Varsen Ağabekyan iki dövlətli həll modelini və beynəlxalq hüququ dəstəkləyən ölkələrin Fələstin Dövlətini tanımamaq üçün heç bir əsasının olmadığını bildirib. Nazir bu fikirləri Almaniyanın Münhen şəhərində keçirilən 62-ci Münhen Təhlükəsizlik Konfransı çərçivəsində səsləndirib.
Ağabekyan qeyd edib ki, Qəzzada atəşkəsin ikinci mərhələsinə keçmək niyyətindədirlər, lakin bunun üçün birinci mərhələdə nəzərdə tutulan öhdəliklər tam yerinə yetirilməlidir. O, İsrailin hücumları səbəbindən tam atəşkəsin təmin olunmadığını və bölgəyə çatdırılan humanitar yardımların ehtiyacları qarşılamadığını vurğulayıb.
Nazir işğal altındakı İordan çayının qərb sahilində (Qərb Sahili) Fələstin torpaqlarının zəbt edilməsinin davam etdiyini bildirərək, bu addımların beynəlxalq hüquqa zidd olduğunu deyib. Onun sözlərinə görə, işğal olunmuş ərazilərdə İsrail tərəfindən atılan birtərəfli addımlar hüquqi baxımdan etibarsız və qüvvədən düşmüş hesab edilməlidir.
Ağabekyan əlavə edib ki, davam edən hərbi əməliyyatlar İsrailin sülhə hazır olmadığını göstərir və beynəlxalq ictimaiyyət bu prosesə “artıq yetər” deməlidir. O, Birləşmiş Millətlər Təşkilatı və Beynəlxalq Ədalət Məhkəməsi qərarlarının işğalın dərhal dayandırılmasını tələb etdiyini xatırladıb.
Ağabekyan Münhen Konfransı çərçivəsində Finlandiya və Almaniyaya Fələstin Dövlətini tanıma çağırışı etdiyini və “məsələyə uyğun zamanda baxılacağı” cavabını aldığını da açıqlayıb. Nazir vurğulayıb ki, iki dövlətli həllə və beynəlxalq hüquqa inanan hər kəs üçün Fələstini tanımaq zəruridir.