Münxendə “Sudanda müharibəni bitirmək” paneli keçirildi

Münxen Təhlükəsizlik Konfransında Sudandakı müharibənin dayandırılması mövzusunda panel təşkil olunub. Baş nazir Kamil İdris və Qərb rəsmiləri siyasi keçid və atəşkəs çağırışı ediblər.

46

Almaniyada keçirilən 62-ci Münxen Təhlükəsizlik Konfransında “Üç illik dağıntı: Sudanda müharibəni bitirmək” adlı panel baş tutub. Panel britaniyalı jurnalist Lindsi Hilsamın moderatorluğu ilə keçirilib.

Panelin ilk sessiyasında Sudan Baş naziri Kamil İdris ölkəsində 15 aprel 2023-cü ildən davam edən münaqişənin dayandırılması üçün görülən tədbirlərdən danışıb. O, ABŞ, Misir və Səudiyyə Ərəbistanının təşəbbüsləri ilə yanaşı, özünün BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi planın həm ölkə daxilində, həm də beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyini bildirib. İdris vurğulayıb ki, təşəbbüsün əsas prioriteti mülki əhalinin qorunmasıdır.

Baş nazir Birləşmiş Ərəb Əmirliklərini muzdlu qüvvələrə dəstəyi dayandırmağa çağıraraq, atəşkəsin təkbaşına yetərli olmadığını, paralel siyasi və təhlükəsizlik mexanizmlərinin də qurulmasının vacibliyini qeyd edib. O, Xartum hökumətinin özünümüdafiə apardığını bildirib və xüsusilə Şimali Darfurun mərkəzi Əl-Faşirdə baş verənlərin “müharibə və insanlığa qarşı cinayətlər” olduğunu deyib.

Panelin ikinci hissəsində ABŞ-ın Afrika üzrə baş müşaviri Massad Boulos, Almaniyanın iqtisadi əməkdaşlıq və inkişaf naziri Reem Alabali Radovan, Böyük Britaniyanın xarici işlər naziri Ayvet Kuper və sudanlı gənc fəal Məhəmməd Fəthurrahman çıxış ediblər.

Boulos bildirib ki, ABŞ, Misir, Səudiyyə Ərəbistanı və BƏƏ-dən ibarət “dördlü mexanizm” digər tərəfdaşlarla birlikdə humanitar atəşkəslə başlayacaq və siyasi keçidlə tamamlanacaq yol xəritəsi üzərində işləyir. Onun sözlərinə görə, münaqişənin hərbi həlli yoxdur və proses danışıqlar yolu ilə başa çatmalıdır.

Radovan Sudandakı vəziyyəti “insan əli ilə yaradılmış fəlakət” adlandıraraq, 15 apreldə Berlində Sudan üzrə beynəlxalq konfrans keçiriləcəyini açıqlayıb. O, sonda mülki hökumətin hakimiyyəti təhvil almalı olduğunu vurğulayıb.

Britaniya XİN rəhbəri Kuper isə Sudandakı vəziyyəti “21-ci əsrin ən ağır humanitar böhranı” kimi qiymətləndirib. Onun sözlərinə görə, Çad–Sudan sərhədindəki düşərgələrdə qadın və uşaqların vəziyyəti son dərəcə ağırdır və münaqişə zamanı genişmiqyaslı cinsi zorakılıq halları qeydə alınıb.

Sudanlı gənc fəal Fəthurrahman isə beynəlxalq ictimaiyyəti real addımlar atmağa çağıraraq, atəşkəs üçün konkret təminatların vacibliyini vurğulayıb. O bildirib ki, Sudan xalqı artıq yalnız bəyanatlar deyil, praktik nəticələr gözləyir.