Mark Eliyahu: İfasında Azərbaycan musiqisinin ruhu hiss olunur

Mark Eliyahu 1982-ci ildə Dağıstanda doğulub, İsraildə böyüyüb, Bakıda kamança dərsləri alıb. O, “The Spirit of the East” konserti, “Voices of Judea” albomu və “Balada Le'aviv Habohe” filmi ilə tanınır, Azərbaycan musiqisinin ruhunu dünya ilə paylaşır.

47

Kamança ustası Mark Eliyahunun ifa etdiyi musiqilərə heyran olmamaq mümkün deyil. Onun hər notunda Azərbaycan musiqisinin ruhu, milli ab-hava və qədim melodiyalar özünü göstərir.

Mark Eliyahu 1982-ci il 28 mayda Dağıstanda anadan olub və ailəsi ilə birgə 1989-cu ildə İsrailə köçüb. 16 yaşında ikən Habil Əliyevin kamança ifasına qulaq asır və bu səs onu dərindən təsirləndirir. Təsirlənərək Bakıya köçür və Ədalət Vəzirovun rəhbərliyi altında kamança dərsləri alır. Eliyahu müsahibələrindən birində deyib: “Mən bu səsi birinci dəfə eşidəndə elə hiss etdim ki, bu səs həmişə daxilimdə olub, sanki mənim daxili səsimdir. Bunu atama dedikdə o, çox sevindi. Mənim babam da Dağıstanda olduqca məşhur kamança ifaçısı olmuşdur.”

1999-cu ildə Eliyahu “The Spirit of the East” adlı konsertdə çıxış edib. Konsertin bəstəkarı onun atası Piris Eliyahu olub, eyni zamanda konsertdə Alim Qasımov və qızı Fərqanə Qasımova da iştirak ediblər. Həmin ildə o, İsrail Kamera Orkestrasının solisti kimi İsrail Musiqi Festivalında da çıxış edib. 2004-cü ildə Mark Eliyahu ilk solo albomu “Voices of Judea”nı buraxıb.

2012-ci ildə baş rolda çəkildiyi “Balada Le’aviv Habohe” filmində iştirak edib və musiqi karyerasını kinoda da davam etdirib. Eliyahu, həm Azərbaycan musiqi irsini, həm də dünya musiqi mədəniyyətini birləşdirən ustalıqla ifaları ilə musiqisevərlərin diqqətini çəkir.