İsrailin Qəzzaya qayıdışa maneə iddiaları: “Pul təklifi və əmlaka əl qoyma hədəsi”

BMT və hüquq müdafiə təşkilatlarının açıqlamalarına görə, İsrail Qəzzaya qayıtmaq istəyən fələstinlilərə qarşı təzyiq, hədələr və hüquq pozuntuları tətbiq edir. Refah sərhəd-keçid məntəqəsində ciddi məhdudiyyətlər olduğu bildirilir.

42

İsrailin təxminən iki ildən sonra məhdud şəkildə açılan Rafah Sərhəd Keçidi vasitəsilə Qəzza zolağına qayıtmaq istəyən fələstinlilərin geri dönüşünü əngəlləmək üçün pul təklifləri və hədələrdən istifadə etdiyi iddia olunur.

İşğal altındakı Fələstin ərazilərində fəaliyyət göstərən BMT İnsan Haqları Ofisi fevralın 5-də yaydığı açıqlamada Qəzzaya qayıdan fələstinlilərin silahlı qruplar tərəfindən saxlanıldığı, əllərinin qandallanaraq gözlərinin bağlandığı və təhdid edildiyinə dair sübutların mövcud olduğunu bildirib. Açıqlamada qeyd olunub ki, sərhəddə İsrailin dəstəklədiyi Əbu Şebab silahlıları tərəfindən qarşılanan şəxslər daha sonra İsrail ordusunun nəzarət məntəqəsinə aparılır.

Məlumata görə, geri qayıdanlar Qəzzaya keçəcəkləri təqdirdə əmlaklarının müsadirə ediləcəyi ilə hədələndiklərini, ailələri ilə birlikdə yenidən Misirə dönməyə məcbur edildiklərini və ya İsrail lehinə xəbərçi kimi işləmək üçün onlara pul təklif olunduğunu bildiriblər. Bəzi şahidlər fiziki zorakılıq, alçaldıcı axtarış və sərt sorğulara məruz qaldıqlarını deyiblər.

BMT-nin işğal altındakı Fələstin əraziləri üzrə nümayəndəsi Ajit Sunqay bütün addımların beynəlxalq hüquqa uyğun olmasının və fələstinlilərin insan hüquqlarına tam hörmət göstərilməsinin beynəlxalq ictimaiyyətin məsuliyyəti olduğunu vurğulayıb. O, iki illik dağıntıdan sonra insanların ailələrinə və evlərinin qalıqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalı olduqlarını qeyd edib.

Açıqlamada Qəzzaya qayıdanların beş ayrı nəzarət məntəqəsindən keçmək məcburiyyətində qaldığı, bu məntəqələrdə Misir, Fələstin administrasiyası, Avropa İttifaqı nümayəndələri, İsrailin dəstəklədiyi silahlılar və nəhayət İsrail ordusunun yer aldığı bildirilib. İsrail dövlət televiziyası KAN isə İsrail ordusunun Refah keçidində Əbu Şebab silahlılarına axtarış prosesində iştirak icazəsi verdiyini açıqlayıb.

İsrailin “Adalah” və “Gisha-Maslak Center” kimi hüquq müdafiə təşkilatları Refah vasitəsilə qayıtmaq istəyənlərə qarşı “pis rəftar siyasəti və qanunsuz məhdudiyyətlərin” dərhal dayandırılmasını tələb ediblər. Təşkilatlar bu addımları “məcburi köçürmə” kimi qiymətləndirərək bunun beynəlxalq hüququn təmin etdiyi geri dönüş hüququnun pozuntusu ola biləcəyini bildiriblər.

Yayılan şahid ifadələrində avtobusların hərbi maşınlarla mühasirəyə alındığı, sərt sorğular aparıldığı və şəxsi əşyaların müsadirə edildiyi qeyd olunur.

Rəsmi məlumatlara görə, hər gün 50 nəfərin keçidinə dair razılaşma olduğu iddia edilsə də, faktiki rəqəmlər bu göstəriciyə çatmır. Qəzzada 22 min yaralı və xəstənin müalicə üçün xaricə çıxmalı olduğu, təxminən 80 min fələstinlinin isə geri dönmək üçün qeydiyyatdan keçdiyi bildirilir.

Qəzza hökumətinin Media Ofisinin açıqlamasına əsasən, fevralın 2-10-u aralığında keçməsi gözlənilən 1800 nəfərdən yalnız 488-i sərhədi keçə bilib. Onlardan 275 nəfər Qəzzadan Misirə, 213 nəfər isə Qəzzaya daxil olub, 26 nəfərin isə Misirə keçidinə icazə verilməyib.

Müşahidəçilər bildirirlər ki, geri dönüş prosesində tətbiq olunan məhdudiyyətlər və təzyiqlər atəşkəs razılaşmasının icrası və bölgədə humanitar vəziyyət baxımından ciddi narahatlıq doğurur.