Macarıstan müxalifət lideri Peter Magyar “kaset şantajı” iddiası ilə gündəmdə

Macarıstanın muhalif lideri Peter Magyar keçmiş sevgilisi ilə bağlı gizli görüntülər üzərindən şantaj edildiyini iddia edib və siyasi təzyiq olduğunu bildirib.

56

Macarıstanın müxalif Tisza Partiyasının lideri Peter Magyar bu yaxınlarda yayılan gizli video və şəkillər üzərindən şantaj edildiyini iddia edib. Magyar, paylaşılan materialların əsasında özünün keçmiş sevgilisi Evelin Vogel ilə olan intim görüntülərin olduğunu və bu görüntülərin yayımlanmaqla onun siyasi kampaniyasına zərər verilməsinin planlaşdırıldığını bildirib. Bu iddialar ölkədə seçki kampaniyasının gərginləşdiyi bir məqamda gündəmə gəlib.

Magyar sosial mediada yaydığı açıqlamada bildirib ki, apreldə keçiriləcək parlament seçkilərində bir çox sorğu nəticələrinə görə Tisza Partiyası hazırda hakim Fidesz Partiyasından öndədir və bu səbəbdən siyasi təzyiqlərlə üzləşdiyini düşünür. O iddia edir ki, bəzi şəxslər “məni kompromatla zərərsizləşdirmək istəyirlər” və bu məqsədlə gizli xidmətlərlə əlaqəli avadanlıqlarla çəkilmiş ola biləcək videonu yaymaqla təhdid edirlər. “Heç bir şantaja boyun əyməyəcəm,” — deyə Magyar vurğulayıb.

Magyar özünün və keçmiş sevgilisinin əlaqəsinin razılığa əsaslandığını və heç bir qanunsuzluq olmadığını bildirib. O, bu iddianın arxasında siyasi məqsədlərin durduğunu söyləyərək, “Macarıstan satılmayacaq” deyə əlavə edib. Digər tərəfdən, Vogel iddiaları qəti şəkildə rədd edərək bununla əlaqəsi olmadığını və lazımi hüquqi addımlar üçün hazır olduğunu açıqlayıb.

Macarıstan mediası və beynəlxalq xəbər portalları bu iddiaların hələ də dəqiqləşdirilmədiyini, görüntülərin hələ də yayılmadığını, lakin hər iki tərəfin öz mövqelərini ictimaiyyətlə paylaşdığını bildirir. Hazırda polisə təqdim edilən şikayət əsasında araşdırma başlandığı qeyd olunur.