Tramp: “Netanyahu ilə İranla bağlı qəti razılaşma yoxdur”

ABŞ Prezidenti Tramp Netanyahu ilə görüşdən sonra İranla danışıqların davam edəcəyini, lakin hələlik qəti razılaşmanın olmadığını açıqlayıb.

74

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi danışıqlardan sonra İranla bağlı yol xəritəsi üzrə “qəti” razılaşmanın əldə olunmadığını, lakin Tehranla danışıqların mümkün razılaşmaya nail olmaq məqsədilə davam etdiriləcəyini bildirib. Tramp sosial şəbəkədə paylaşımında vurğulayıb ki, Netanyahu ilə görüşdə yekun qərar qəbul edilməyib və onun əsas mövqeyi ABŞ–İran danışıqlarının davam etməsidir.

“Reuters”-in məlumatına görə, Trampın ötən il yenidən hakimiyyətə qayıtmasından sonra iki lider son 13 ay ərzində artıq yeddinci dəfə görüşüb. Netanyahu Trampı İranla diplomatik prosesin yalnız nüvə proqramı ilə məhdudlaşdırılmamasına, raket arsenalı və Tehranın bölgədəki silahlı qruplara dəstəyinin də danışıqlar mövzusu olmasına razı salmağa çalışsa da, ABŞ prezidentinin bu istiqamətdə öhdəlik götürdüyünə dair açıq siqnallar verilməyib. Görüş mətbuata qapalı formatda baş tutub və iki lider təxminən iki saat yarımdan çox qapalı müzakirələr aparıb.

Tramp görüşü “çox yaxşı” adlandırsa da, böyük qərarların qəbul edilmədiyini bildirib. O, İranla razılaşma əldə olunacağı təqdirdə bunun üstünlük təşkil edəcəyini Netanyahuya çatdırdığını qeyd edib. Tramp əlavə edib ki, əgər razılaşma mümkün olmazsa, nəticələrin necə olacağını zaman göstərəcək və xatırladıb ki, İran sonuncu dəfə razılaşmadan imtina etdikdə ABŞ ötən ilin iyununda İranın nüvə obyektlərinə zərbələr endirib.

Tramp “Fox Business”-ə müsahibəsində İranla “yaxşı razılaşma”nın “nüvə silahlarının və raketlərin olmaması” anlamına gəldiyini deyib, detalları isə açıqlamayıb. O, “Axios”-a verdiyi açıqlamada İran ətrafında ABŞ hərbi mövcudluğunun gücləndirilməsi çərçivəsində ikinci aviadaşıyıcı zərbə qrupunun göndərilməsinin də nəzərdən keçirildiyini bildirib. ABŞ-ın Yaxın Şərqdə qüvvələrini artırması, razılaşma əldə olunmadığı halda mümkün hərbi qarşıdurma risklərini daha da artırır. Tehran isə hər hansı hücuma cavab verəcəyini bəyan edib.

Məsələyə yaxın mənbələrin bildirdiyinə görə, İsrail ABŞ-ın İranla yalnız nüvə proqramını əhatə edən dar çərçivəli razılaşmaya gedə biləcəyindən narahatdır. İsrail tərəfi belə bir razılaşmanın İranın ballistik raket proqramını və HƏMAS, “Hizbullah” kimi qruplara dəstəyini əhatə etməyəcəyindən ehtiyat edir. İran isə bu tələbləri rədd edir və Omanda keçirilən danışıqların yalnız nüvə məsələsinə fokuslandığını bildirir. İranın ali rəhbərinin müşaviri Əli Şamxani bildirib ki, ölkənin raket imkanları danışıqlar predmeti deyil.

Netanyahunun ofisinin yaydığı bəyanatda qeyd olunub ki, baş nazir danışıqlarda İsrailin təhlükəsizlik ehtiyaclarını önə çəkib və tərəflər sıx koordinasiya və daimi təmasların davam etdirilməsi barədə razılaşıblar. Görüşdə diplomatik səylərin nəticəsiz qalacağı halda mümkün hərbi variantların da müzakirə edildiyi bildirilir.

Görüşün gündəmində Qəzza da yer alıb. Tramp İsrail və HƏMAS arasında atəşkəs və müharibədən sonrakı bərpa planı üzrə irəliləyiş əldə olunmasını istədiyini deyib. Lakin 20 maddəlik plan çərçivəsində, xüsusilə HƏMAS-ın silahsızlaşdırılması və İsrail qoşunlarının mərhələli çıxarılması kimi məsələlərdə ciddi fikir ayrılıqları qalır. Tramp görüşdən sonra Qəzza və ümumilikdə regionda “əhəmiyyətli irəliləyişlərin” müzakirə edildiyini bildirib.

Digər tərəfdən, Trampın Qəzza planında gələcəkdə Fələstin dövlətçiliyi perspektivinin yer alması Netanyahu hökuməti ilə Vaşinqton arasında fikir ayrılığı yaradan əsas mövzulardan biri olaraq qalır. İsrail tarixinin ən sağçı koalisiyası bu ideyaya qarşı çıxır. Netanyahunun təhlükəsizlik kabineti ötən günlərdə işğal altındakı İordan çayının qərb sahilində yəhudi məskunlaşmasını asanlaşdıran qərarlar qəbul edib ki, bu da beynəlxalq aləmdə tənqidlərə səbəb olub. Tramp isə Qərb Sahilinin ilhaqına qarşı olduğunu bir daha bəyan edib.