NATO Arktika bölgəsində alyansın hərbi və təhlükəsizlik mövcudluğunu gücləndirmək məqsədilə “Arktik Növbə” (Arctic Sentry) adlı yeni missiyanın başladıldığını açıqlayıb.
NATO Müttəfiq Qüvvələrinin Ali Qərargahı – SHAPE tərəfindən yayılan məlumatda bildirilib ki, missiya Müttəfiq Əməliyyatlar Komandanlığı tərəfindən işə salınıb. Qeyd olunub ki, təşəbbüs alyansın Arktikadakı fəaliyyətlərini koordinasiya etmək və regionda artan geosiyasi rəqabət fonunda təhlükəsizliyi möhkəmləndirmək məqsədi daşıyır.
Açıqlamaya əsasən, missiya ABŞ-ın Norfolk şəhərində yerləşən “Joint Force Command Norfolk” tərəfindən idarə olunacaq. Sənəddə vurğulanır ki, Arktika bölgəsində Rusiya və Çinin artan fəaliyyəti fonunda alyansın müdafiə qabiliyyətinin gücləndirilməsi zəruri hesab edilib.
Məlumatda həmçinin ABŞ Prezidenti Donald Tramp və NATO-nun Baş katibi Mark Rütte arasında Arktikanın müdafiəsində alyansın daha böyük məsuliyyət daşımalı olduğu barədə razılığın əldə edildiyi xatırladılıb.
Avropa Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı (SACEUR) Aleksus Qrinkeviç missiyanın NATO ərazilərini qorumaq və Arktika bölgəsinin təhlükəsizliyini təmin etmək üçün alyansın kollektiv gücündən istifadə edəcəyini bildirib. Onun sözlərinə görə, “Arktik Növbə” alyansın üzv dövlətləri müdafiə etmək və strateji baxımdan mühüm, eyni zamanda ekoloji cəhətdən çətin bölgədə sabitliyi qorumaq əzmində olduğunu nümayiş etdirir.