Tiranada etirazlar: Baş nazirliyin binasına molotovlu hücum

Albaniyanın paytaxtı Tiranada hökumət əleyhinə etirazlar zamanı Baş nazirliyin binasına molotov kokteyli atılıb, polis nümayişçilərə müdaxilə edib.

63

Albaniyanın paytaxtı Tiranada hökumət əleyhinə keçirilən etiraz aksiyaları zamanı Baş nazirliyin binasına molotov kokteyli ilə hücum edilib.

Əsas müxalifət qüvvəsi olan Demokratik Partiyanın (PD) çağırışı ilə paytaxtın mərkəzinə toplaşan minlərlə etirazçı ölkədə korrupsiyanın mövcud olduğunu iddia edərək Baş nazirliyin binası qarşısında aksiya keçirib. Etirazçılar Baş nazir Edi Ramanın istefasını tələb ediblər.

Aksiya zamanı nümayişçilər Baş nazirliyin binasına molotov kokteylləri, fişənglər, tüstü qumbaraları və müxtəlif əşyalar atıblar. Polis qüvvələri isə etirazçılara qarşı gözyaşardıcı qaz və tazyiqli su tətbiq edib.

Göstericilər parlament binası önündə də polis əməkdaşları ilə toqquşub. Bir neçə saat davam edən etirazlar zamanı gözyaşardıcı qazın təsiri və baş verən insidentlər nəticəsində çox sayda şəxs xəsarət alıb.

Etirazçılar, həmçinin noyabrın 19-da korrupsiya iddiaları ilə vəzifədən uzaqlaşdırılan, daha sonra yenidən postuna qaytarılan Baş nazirin müavini, eyni zamanda İnfrastruktur və Energetika naziri Belinda Ballukunun da istefasını tələb ediblər.

Aksiya ilə əlaqədar Tiranada yüzlərlə polis əməkdaşı cəlb olunub, şəhərin bir sıra əsas yolları müvəqqəti olaraq nəqliyyatın hərəkətinə bağlanıb. Son aylarda Albaniyada hökumət əleyhinə etirazların intensivləşdiyi bildirilir. Müxalifət partiyaları aksiyaların davam edəcəyini açıqlayıb.