Venesuelada azı 35 siyasi məhbus azadlığa buraxıldı

Venesuelada keçici hökumət azı 35 siyasi məhbusu azadlığa buraxdı. Azad edilənlər arasında müxalifət liderləri də var.

59

Venesuelada fəaliyyət göstərən “Foro Penal” insan haqları təşkilatı ABŞ-nin Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşını hədəf alan hərbi müdaxiləsindən sonra hakimiyyətə gələn keçici hökumətin azı 35 siyasi məhbusu azadlığa buraxdığını açıqlayıb.

“The New York Times” qəzetinin məlumatına görə, təşkilatın rəhbəri Alfredo Romero bildirib ki, azad edilənlər arasında müxalifət nümayəndələri Xuan Pablo Kuanipa və Perkins Roça da yer alır. Bununla belə, keçici hökumət məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Qeyd olunur ki, keçici hakimiyyət 24 yanvar tarixində də həbsdə olan bəzi ABŞ vətəndaşlarını və azı 80 siyasi məhbusu azad etmişdi. Nikolas Maduro hakimiyyəti dövründə terrorizm və casusluq ittihamları ilə saxlanılan xarici vətəndaşlar ABŞ ilə aparılan danışıqların əsas mövzularından biri olmuşdu.

ABŞ Prezidenti Donald Tramp siyasi məhbusların azad olunması üçün təşəbbüslər irəli sürmüş, ötən il xüsusi nümayəndəsi Riçard Qrenelli Venesuelaya göndərmiş və bunun nəticəsində 20-dən çox ABŞ vətəndaşı yay aylarına qədər azadlığa buraxılmışdı. Lakin sonrakı dövrdə Vaşinqtonun Karakasa qarşı hərbi və iqtisadi təzyiqləri artdıqca ölkədə yenidən bir neçə ABŞ vətəndaşı saxlanılmışdı.