Misir Prezidenti Abdülfəttah əs-Sisi Afrika Birliyinin Somali Keçid Missiyasına (ATMIS) qoşularaq Somaliyə hərbi kontingent göndərməyi planlaşdırdıqlarını açıqlayıb.
Somali Prezidenti Həsən Şeyx Mahmud rəsmi səfər çərçivəsində paytaxt Qahirədə Sisi ilə təkbətək və heyətlərarası görüşlər keçirib. Sisi, Misirin Afrika qitəsinə bağlılığını və qardaş ölkə Somali üçün təhlükəsizlik və sabitliyin təmin edilməsinə olan öhdəliyini vurğulayıb.
Prezident Sisi Somali torpaqlarının hansısa hissəsinin müstəqilliyini tanımağa yönəlmiş addımları beynəlxalq hüququn pozulması və Afrika Buynuzunun stabilliyinə təhlükə kimi qiymətləndirərək, ölkələrin təhlükəsizliyi və suverenliyini təhdid edən hərəkətlərə qarşı xəbərdarlıq edib. Eyni zamanda, Misirin Somali birliyinə və ərazi bütövlüyünə dəstəyini təsdiqləyərək, bu birliyi zəiflədə biləcək bütün təşəbbüsləri rədd etdiyini bildirib.
Sisi, yaxın gələcəkdə müxtəlif sahələr üzrə ekspertlərdən ibarət tibbi konvoyu Somaliyə göndərməyi, “Misir İnkişaf Tərəfdaşlığı Agentliyi” vasitəsilə ölkədə təhsil və bacarıqların inkişafı proqramlarını genişləndirməyi planlaşdırdıqlarını açıqlayıb. O, həmçinin terrorizm və təhlükəsizlik sahəsində təcrübələrini Somali ilə paylaşmağa hazır olduqlarını vurğulayıb.
Somali Prezident Administrasiyası sosial media vasitəsilə iki ölkə arasında strateji münasibətlərin gücləndirilməsinin görüşlərin əsas mövzusu olduğunu bildirib. Somali Prezidenti Həsən Şeyx Mahmud iki günlük rəsmi səfəri çərçivəsində Kahiredədir.