Somali Prezidenti: İsrailin Somalilanddə hərbi varlığına icazə verməyəcəyik

Somali Prezidenti Həsən Şeyx Mahmud, İsrailin Somalilendi tanımasını "beynəlxalq hüquqa zidd" sayaraq, bölgədə hərbi baza qurmaq planlarına qarşı çıxacaqlarını açıqladı.

68

Somali Prezidenti Həsən Şeyx Mahmud, İsrailin Somalilendi tanıma qərarını “beynəlxalq hüquqa zidd və təhlükəli” adlandıraraq, bölgədə hərbi baza qurmaq cəhdlərinə qarşı olduqlarını açıqlayıb.

Mahmud, “Al Jazeera” televiziya kanalına verdiyi müsahibədə, İsrailin Somalilenddə hərbi varlıq yaratmaq istəməsinə “Somali olaraq buna heç vaxt icazə verməyəcəyik” deyib və qarşısında dayanacaqlarını bildirib.

Prezident Mahmud bu addımı Somalinin ərazi bütövlüyünə açıq müdaxilə hesab edərək, Somalilend məsələsinin Afrika, Qırmızı dəniz və qlobal ticarət üçün ciddi təhlükə yaratdığını vurğulayıb. O, həmçinin İsrailin Qəzzaya hücumları ilə Somalilenddəki hadisələr arasında əlaqə olduğunu və beynəlxalq nizamın zəiflədiyini bildirib.

Somali Federal Hökuməti Somalilendi ölkənin ayrılmaz bir hissəsi olaraq tanıyır və Somalilend rəhbərliyinin üçüncü ölkələrlə imzaladığı müqavilələrin hüquqi qüvvəyə malik olmadığını bildirir. Somalilend isə Babü’l-Məndəb Boğazı yaxınlığında strateji mövqedə yerləşir və bununla da dünya dəniz ticarətində önəmli bir keçid nöqtəsi sayılır.

Bu açıqlamalar, İsrail Baş naziri Binyamin Netanyahunun 26 dekabr 2025-ci il tarixində Somalilendi tanıdığını elan etməsindən sonra bölgədə artan gərginlik fonunda verilib.