Yaponiyada erkən seçki: Takaiçinin partiyası çoxluğa yaxınlaşır

Yaponiyada erkən ümumi seçkilər başlayıb. Sandıq çıxış anketlərinə görə Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi Liberal Demokrat Partiyası parlamentdə çoxluğu təmin etməyə yaxındır.

52

Yaponiya erkən ümumi seçkilər üçün səsvermə prosesinə başlayıb və seçkilər Baş nazir Sanae Takaiçi üçün etimad səsi xarakteri daşıyır. Ölkə üzrə seçicilər parlamentin aşağı palatası olan Nümayəndələr Palatasının 465 mandatı uğrunda mübarizə aparan namizədlərə səs verirlər. Seçkilərdə ümumilikdə 1200-dən çox namizəd iştirak edir və proses ölkənin siyasi gələcəyi baxımından həlledici mərhələ kimi qiymətləndirilir.

İqtidarda olan Liberal Demokrat Partiyası ilə Yaponiya İnnovasiya Partiyasının yaratdığı koalisiya parlament çoxluğunu qoruyaraq hökuməti davam etdirməyi qarşıya məqsəd qoyub. Müxalifət cəbhəsində isə Konstitusiyalı Demokratiya Partiyası ilə Komeito Partiyasının formalaşdırdığı “Mərkəzçi İslahat Alyansı” seçkilərin ən güclü rəqib bloku kimi önə çıxır.

Baş nazir Sanae Takaiçi erkən ümumi seçkiləri öz hökuməti və liderliyi üçün bir növ etimad səsi kimi dəyərləndirir. Liberal Demokrat Partiyası daxilində baş verən rəhbərlik dəyişikliyindən sonra 21 oktyabr 2025-ci ildə vəzifəyə başlayan Takaiçi Yaponiyanın tarixində ilk qadın baş nazir olmuşdu. Hökumət erkən seçkilərin keçirilməsi üçün yanvarın 23-də Nümayəndələr Palatasını buraxmışdı.

Səsvermə davam edərkən yayımlanan sandıq çıxış anketləri Baş nazir Sanae Takaiçinin partiyasının öndə getdiyini göstərir. Kyodo agentliyinin paylaşdığı ilkin nəticələrə əsasən, Liberal Demokrat Partiyası Nümayəndələr Palatasındakı 465 yerdən azı 233-nü qazanmağı təmin edib. Seçkilərdən əvvəl parlamentdə 198 mandata sahib olan partiyanın bu nəticə ilə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirdiyi bildirilir və 233 mandatın parlamentdə sadə çoxluq üçün kifayət etdiyi vurğulanır.

Müxalifətdə yer alan “Mərkəzçi İslahat Alyansı”nın isə əvvəlki dövrlə müqayisədə mandat itirdiyi qeyd olunur. Seçki sistemi çərçivəsində parlamentdəki 465 yerin 289-u təkmandatlı seçki dairələrindən, qalan hissəsi isə 11 regional seçki blokunda proporsional təmsilçilik yolu ilə müəyyənləşdirilir. Erkən ümumi seçkilərdə ümumilikdə 1284 namizəd parlamentə düşmək uğrunda mübarizə aparır.

Müşahidəçilər seçkilərin yekun nəticələrinin Yaponiyanın siyasi kursu ilə yanaşı, iqtisadi qərarlara, xüsusilə Yaponiya Mərkəzi Bankının gələcək faiz siyasətinə də təsir göstərə biləcəyini bildirirlər. İlkin göstəricilər isə erkən ümumi seçkilərin Baş nazir Sanae Takaiçi üçün siyasi etimad baxımından uğurlu keçdiyini ortaya qoyur.