Epşteyn sənədləri: İnsan alveri ilə mübarizə aparan təşkilatın britaniyalı üzvünə “qadın göndərilib”

Ceffri Epşteyn işi üzrə açıqlanan sənədlərdə insan alveri ilə mübarizə aparan təşkilatın britaniyalı üzvü Lindon Li ilə bağlı qalmaqallı yazışmalar yer alıb.

53

Ceffri Epşteyn işi ilə bağlı ictimailəşdirilən yeni sənədlərdə, insan alveri ilə mübarizə aparan beynəlxalq təşkilatın britaniyalı idarə heyətinin üzvünə “qadın göndərildiyini” göstərən yazışmalar yer alıb.

ABŞ-da azyaşlı qızlara qarşı cinsi istismar və fühuş şəbəkəsi yaratmaq ittihamı ilə mühakimə olunduğu dövrdə həbsxanada ölü tapılan milyarder Ceffri Epşteyn haqqında açıqlanan istintaq materiallarında, onun insan alveri ilə mübarizə aparan Not For Sale” adlı qeyri-hökumət təşkilatının idarə heyəti üzvü, britaniyalı iş adamı Lindon Lea ilə əlaqələrinə dair diqqətçəkən yazışmalar yer alıb.

“The Times” qəzetinin xəbərinə görə, ABŞ Ədliyyə Nazirliyinin açıqladığı istintaq sənədləri arasında Epşteyn ilə Lea arasındakı yazışmalar aşkar edilib. Həmin yazışmalarda Epşteynin Lea ilə görüşməsi üçün bəzi qadınları yönləndirdiyi, görüşləri şəxsən təşkil etdiyi və bu prosesə nəzarət etdiyi görünür.

Sənədlərə əsasən, Epşteyn bir qadını Lea ilə axşam yeməyinə göndərib, ona necə geyinməli olduğu barədə məsləhətlər verib və bu görüşün həm “işgüzar”, həm də “sosial” xarakter daşıdığını qeyd edib. Elektron məktublarda qadının Epşteynə görüşün iş məqsədli, yoxsa şəxsi olduğunu soruşduğu, Epşteynin isə “hər ikisi” cavabını verdiyi göstərilir. Yazışmalarda Epşteynin Lea barədə “varlı, lakin sosial çevrəsi məhdud” kimi ifadələr işlətməsi də diqqət çəkib.

Açıqlanan materiallar Leanın Epşteyn ilə ilk dəfə 2009-cu ilin sonlarında tanış olduğunu, 2010-cu ildə mütəmadi əlaqə saxladıqlarını və 2016-cı ilə qədər aralıqlarla ünsiyyətin davam etdiyini üzə çıxarıb. Eyni zamanda, Epşteynin “Palm Beach” və Nyu Yorkda keçirilən bəzi sosial tədbirlərdə Lea üçün qadınların iştirakını təşkil etdiyi də sənədlərdə yer alıb.

Yazışmalara görə, Epşteyn yaxın ətrafında olan keçmiş model agentliyi rəhbəri Jan-Lük Bruneldən Lea üçün çoxsaylı modellərin qatıldığı yemək təşkil etməsini istəyib və bu istəyin yerinə yetirildiyi bildirilib. Sənədlərdə Leanın həmin dövrdə Epşteynin cinayət keçmişi və fəaliyyətlərinin miqyası barədə nə qədər məlumatlı olduğu ilə bağlı aydınlığın olmadığı xüsusi vurğulanıb.

Qeyd edək ki, Lindon Lea 2011-ci ildə ABŞ mərkəzli “Not For Sale” təşkilatının idarə heyətinə təyin olunub. Təşkilat 12 ölkədə məcburi əmək və kommersiya məqsədli cinsi istismara qarşı fəaliyyət göstərir. Lea eyni zamanda Lion Capital” şirkətinin qurucularından biri və “AllSaints” daxil olmaqla bir sıra qlobal brendlərə investisiya yatıran iş adamı kimi tanınır.

İngilis mətbuatı məsələ ilə bağlı Lindon Lea ilə əlaqə saxlanıldığını, lakin xəbərin yayımlandığı ana qədər cavab alınmadığını yazıb. Qeyd edək ki, Jan-Lük Brunel azyaşlılara qarşı cinsi istismar və insan alveri ittihamları ilə həbsdə olduğu vaxt 2022-ci ildə həbsxanada ölü tapılıb.