İran ilə ABŞ arasında nüvə proqramı üzrə danışıqlar, 2025-ci ilin iyununda İsrail və ABŞ-nin İran ərazisinə hücumlarından sonra dayandırılmış diplomatik prosesin yenidən bərpası çərçivəsində Omanın paytaxtı Maskatda başlayıb.
Gərginliyin yenidən yüksəldiyi və Vaşinqtonun bölgədə hərbi mövcudluğunu artırdığı bir dövrdə keçirilən görüşlər, Oman Xarici İşlər naziri Bədr bin Hamed əl-Busaidinin vasitəçiliyi ilə təşkil olunub.
Danışıqlarda İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Araqçi rəhbərlik edir, ABŞ tərəfini isə Prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff təmsil edir. İran heyətində xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Taxt-Rəvançi, iqtisadi məsələlər üzrə müavini Həmid Kanbəri və XİN-in sözçüsü İsmail Bəqayi də iştirak edir. ABŞ tərəfdən isə Uitkoffla yanaşı Trampın kürəkəni və müşaviri Cared Kuşner görüşlərdə yer alıb.
Tərəflər arasında əsas fikir ayrılığı uranın zənginləşdirilməsi və yüksək səviyyədə zənginləşdirilmiş uranın İran ərazisindən çıxarılması məsələləri olaraq qalır. İran nüvə proqramını məhdudlaşdırmaq müqabilində sanksiyaların ləğvini tələb edir, ABŞ isə uranın zənginləşdirilməsinin tam dayandırılmasını və mövcud ehtiyatların ölkədən çıxarılmasını istəyir.
Vaşinqton, eyni zamanda, İranın raket proqramı və bölgədə silahlı qruplara verdiyi dəstəyi də danışıqların mövzusuna çevirməyə çalışsa da, Tehran nüvə məsələsindən kənar mövzuların müzakirə olunmayacağını dəfələrlə bəyan edib. ABŞ mətbuatında yer alan məlumatlara görə, CENTCOM-un komandanı Kuperin də danışıqlarda iştirak etmək üçün Omana getdiyi iddia olunur. “Associated Press” isə amerikalı rəsmiləri daşıdığı ehtimal edilən bir konvoyun Maskata daxil olduğunu bildirib.