Qəzzaya qayıdan fələstinlilər İsrail hərbçilərinin tətbiq etdiyi təzyiqlərdən danışdı

İki il sonra açılan Refah Sərhəd Keçidi vasitəsilə Qəzzaya qayıdan fələstinlilər, İsrail ordusunun saatlarla sorğu, təhdid və əşyalarına əl qoyması kimi təzyiqlərə məruz qaldı.

38

Təxminən iki il aradan sonra dünən açılan Misir sərhədindəki Refah Sərhəd Keçidi vasitəsilə Qəzza Zolağına qayıdan fələstinli bir qadın, İsrail ordusunun keçid zamanı tətbiq etdiyi təzyiqlərdən danışıb. O, bu prosesin sadə bir keçid olmadığını, əksinə fələstinliləri zorla köçürtmək və geri dönüşlərini məhdudlaşdırmaq məqsədli bir tətbiq olduğunu qeyd edib.

Səhər saatlarında Refah Sərhəd Keçidindən keçən 9 qadın və 3 uşaq olmaqla 12 fələstinli, Birləşmiş Millətlər Təşkilatına aid nəqliyyat vasitələrinin müşayiəti ilə Xan Yunus şəhərindəki Nasir Xəstəxanasına çatıb.

Sosial mediada yayılan görüntülərdə qadın İsrail hərbçilərinin onu, anasını və başqa bir qadını saatlarla ağır sorğuya məruz qoyduğunu bildirib.

Qadın əlavə edib ki, hərbçilər onların gözlərini bağlayaraq əllərini qandallayıb, saatlarla sorğu keçirdiblər və onu uşaqlarından məhrum etmək və İsrail tərəfə işləməyə məcbur etmək üçün təhdid ediblər.

“Bizimlə köç mövzusunda danışdılar. Geri dönməmiz üçün təzyiq göstərirdilər” deyən qadın, İsrail hərbçilərinin Qəzzaya qayıdan hər bir şəxs üçün yalnız bir çanta geyimə icazə verdiyini, digər əşyaların keçidinə icazə vermədiyini vurğulayıb. O, həmçinin hərbçilərin oyuncaq və uşaqların şəxsi əşyalarına belə əl qoyduğunu, bunu isə “qəsdən alçaltma” kimi qiymətləndirib.

Fələstinli qadın, geri dönmək istəyənlərə qarşı mesajın açıq olduğunu deyərək, “Geri dönməyimizi istəmirlər. Qəzzanı boşaltmaq istəyirlər” ifadəsini işlədib.

Yaşlı bir fələstinli qadın isə uzun bir müalicə prosesindən sonra Qəzzaya dönərkən təxminən 3 saat İsrail sorğusuna məruz qaldığını bildirib. O, İsrail hərbçilərinin onları nəzarət altında saxladıqları bir bölgəyə aparıb, “terrorla mübarizə bölməsi” adlandırılan milislərə təhvil verdiklərini qeyd edib.

Qadın həmçinin Refah Sərhəd Keçidinin Misir tərəfdəki səlahiyyətlilərinin isə onlara hörmətlə və xoş davranış göstərdiyini vurğulayıb.

İsrailin hücumları nəticəsində infrastrukturun dağıldığı və təxminən 21 aydır bağlı olan Refah Sərhəd Keçidi dünən iki tərəfli məhdud keçidlər üçün açılıb. Misir mərkəzli “Qahirə əl-İhbariyyə” televiziya kanalının məlumatına görə, dünən 50 fələstinlinin Qəzzaya, 50 nəfərin isə Misirə keçməsi gözlənilirdi.

Bununla belə, İsrail və Misir mediasına görə, dünən yalnız 12 fələstinli Qəzzaya çatıb. İsrail, Qəzzadan çıxanların sayının geri qayıdanlardan çox olmasını istəyir, Misir isə bunun zorla köçə səbəb ola biləcəyini bildirərək bu tələbə qarşı çıxır.

Bununla yanaşı, İsrail Qəzzadakı atəşkəs planının mühüm hissəsini təşkil edən humanitaryardımların və ağır texnikanın bölgəyə girişini hələ də əngəlləyir.