Epşteynlə əlaqələrinə görə Mandelson İşçi Partiyasından istefa verdi

İngiltərənin keçmiş Vaşinqton səfiri Piter Mandelson Epşteynlə əlaqələri barədə yeni iddialardan sonra İşçi Partiyasının üzvlüyündən ayrıldı.

49

İngiltərənin ABŞ-dakı keçmiş səfiri Lord Piter Mandelson ABŞ-da azyaşlı qızlara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi qurmaq ittihamı ilə mühakimə olunduğu dövrdə həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynlə əlaqələri barədə iddiaların yenidən gündəmə gəlməsindən sonra İşçi Partiyasının üzvlüyündən istefa verdiyini açıqlayıb.

Keçmiş kabinet naziri və diplomat olan Mandelson İşçi Partiyasının baş katibinə göndərdiyi istefa məktubunda Epşteynlə bağlı əlaqələrinin yenidən müzakirə mövzusuna çevrilməsi fonunda partiya üçün “daha artıq utanc yaratmaq istəmədiyini” bildirərək üzvlükdən ayrılmaq qərarı aldığını qeyd edib.

O, məktubunda iyirmi il əvvəl ona edildiyi iddia olunan, xatırlamadığını və qeydlərində yer almadığını bildirdiyi maliyyə ödənişləri ilə bağlı düzgünlüyünə inanmadığı ittihamlarla yenidən əlaqələndirildiyini və bu məsələlərin ayrıca araşdırılmalı olduğunu vurğulayıb, eyni zamanda bu prosesin İşçi Partiyasına zərər verməməsi üçün istefa verdiyini bildirib və “səsi çoxdan eşidilməli olan qadınlar və qız uşaqları qarşısında bir daha üzr istədiyini” bəyan edib.

ABŞ Ədliyyə Nazirliyi tərəfindən ötən cümə günü yayımlanan yeni sənədlərdə Epşteynin 2003–2004-cü illərdə Mandelsona üç ayrı maliyyə əməliyyatı ilə ümumilikdə 75 min dollar köçürdüyünə dair qeydlərin yer aldığı, hər biri 25 min dollar olan bu ödənişlərin Epşteynə məxsus bank hesablarından həyata keçirildiyi iddia olunur.

Mandelson sənədlərin dərcindən sonra verdiyi açıqlamada bu məlumatların doğruluğuna əmin olmadığını, Epşteyni tanımış olmasından və onun 2008-ci ildə məhkum edilməsindən sonra da əlaqəni davam etdirməsindən peşmanlıq hissi keçirdiyini və zərərçəkənlərdən “şərtsiz üzr istədiyini” bildirib.

Qeyd edək ki, Mandelsonun adı 9 sentyabr 2025-ci ildə ortaya çıxan yazışmalarda da yer almış, həmin yazışmalarda onun Epşteynə “ən yaxın dostum” deyə müraciət etdiyi və göndərdiyi ad günü mesajında qalmaqallı ifadələr işlətdiyi üzə çıxmışdı. Baş nazir Kir Starmer Mandelsonun Epşteynlə əlaqələrinin ictimailəşməsindən sonra onu 11 sentyabr 2025-ci ildə vəzifəsindən azad etmişdi.