Ehud Barak Epşteyndən Tramp üçün vasitəçilik istəyib

Sənədlər göstərir ki, keçmiş İsrail Baş naziri Ehud Barak Donald Trampı İsrail mediasına müsahibə verməyə razı salmaq üçün Ceffri Epşteyndən kömək istəyib.

77

İsrailin keçmiş baş naziri Ehud Barakın ABŞ-da azyaşlılara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi qurmaq ittihamı ilə həbs olunduqdan sonra həbsxanada ölü tapılan milyarder Ceffri Epşteyndən ABŞ Prezidenti Donald Trampı İsrail mediasına müsahibə verməyə razı salmaq üçün yardım istədiyi üzə çıxıb.

Bu fakt ABŞ Ədliyyə Nazirliyinin Epşteyn işi ilə bağlı üç milyondan çox yeni sənədi ictimaiyyətə açıqlamasından sonra məlum olub və sənədlər arasında Barakın 2016-cı ildə Epşteynə göndərdiyi elektron məktub da yer alıb.

Həmin yazışmada Barak İsrailin “Kanal 2” televiziya kanalının Hillari Klintonla müsahibə təşkil etdiyini xatırladaraq, Trampın da “Kanal 10” üçün oxşar müsahibəyə maraq göstərib-göstərməyəcəyini soruşur. Barak məktubunda bu müsahibənin İsraildə, xüsusilə də İsraildə yaşayan ABŞ vətəndaşları arasında böyük auditoriya qazanacağını vurğulayaraq, İsrail tərəfinin “istedadlı və pozitiv bir sarışın qadın aparıcını” ABŞ-a göndərməyə hazır olduğunu da qeyd edir.

İsrail mediası yazışmanın 2016-cı ildə Tramp və Klinton arasında gedən prezident seçkisi kampaniyası dövründə baş verdiyini, təşəbbüsün heç vaxt reallaşmadığını və sözügedən aparıcının Tramp ilə müsahibə almaq fürsəti əldə etmədiyini bildirib. Həmçinin qeyd olunur ki, Barak Epşteyn məhkum edildikdən sonra da onunla yaxın əlaqələrini qoruyub saxlayıb.

Xatırladaq ki, yaşı 14-dən başlayan onlarla azyaşlı qıza qarşı cinsi istismar və fahişəlik şəbəkəsi yaratmaqda ittiham olunan Ceffri Epşteyn 10 avqust 2019-cu ildə Nyu Yorkdakı Manhetten Metropolitan Həbsxanasındakı kamerasında ölü tapılmışdı. Açıqlanan məhkəmə materiallarında Donald Tramp, Bill Klinton, Ehud Barak, Al Qor, Kevin Speysi, Maykl Cekson, Devid Koperfild, Alan Derşovits və Bill Riçardson kimi tanınmış adlar çəkilsə də, ABŞ Federal Təhqiqat Bürosu və Ədliyyə Nazirliyi aparılan araşdırmalar nəticəsində “müştəri siyahısı”nın mövcudluğuna dair sübut tapılmadığını və Epşteynin öldürülmədiyini, kamerada intihar etdiyini açıqlayıb.