Cənubi Afrika Respublikası (CAR) İsrailin Pretoriyadakı müvəqqəti işlər vəkili Ariel Seidmanı “arzuolunmaz şəxs” (persona non grata) elan edib. Bu barədə ölkənin Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Nazirliyi yazılı açıqlama yayıb.
Açıqlamada bildirilib ki, Seidman barədə qəbul edilən qərar rəsmi şəkildə İsrail hökumətinə çatdırılıb. Nazirlik qərarın səbəbini belə izah edib:
“Bu qətiyyətli addım Cənubi Afrikanın suverenliyinə birbaşa meydan oxuyan, diplomatik normaların və qəbul olunmuş davranış qaydalarının ardıcıl şəkildə pozulmasından sonra atılıb.”
Nazirliyin açıqlamasında qeyd olunub ki, bu pozuntulara İsrailin rəsmi sosial media hesablarının Cənubi Afrika Prezidenti Sayril Ramafosaya qarşı təhqiramiz hücumlar üçün dəfələrlə istifadə edilməsi, eləcə də yüksək səviyyəli israilli rəsmilərin ölkəyə səfərləri barədə hökumətə əvvəlcədən məlumat verilməməsi daxildir.
Bəyanatda vurğulanıb ki, bu cür hərəkətlər diplomatik toxunulmazlığın ciddi şəkildə sui-istifadəsi, eyni zamanda Vyana Diplomatik Münasibətlər Konvensiyasının əsas prinsiplərinin pozulması deməkdir və diplomatik protokolları sistemli şəkildə sarsıdır.
Nazirlik bildirib:
“Cənubi Afrikanın suverenliyi və dövlət institutlarının nüfuzu toxunulmazdır. Cənab Seidman 72 saat ərzində Cənubi Afrika Respublikasını tərk etməlidir.”
Açıqlamada, həmçinin İsrail hökumətinə çağırış edilərək, gələcəkdə diplomatik fəaliyyətlərinin Cənubi Afrikanın suverenliyinə və beynəlxalq münasibətlərin qəbul olunmuş prinsiplərinə hörmət çərçivəsində aparılması tələb olunub.