Çində sadə bir istehsal səhvi viral fenomenə çevrildi

Çində bir oyuncağın üzərindəki istehsal xətası hüznlü üz ifadəsi yaratdı və sosial mediada “ağlayan at” kimi virallaşdı. Sadə bir detal dünya miqyasında milyonlarla baxış topladı və mədəni bir simvola çevrildi.

49

Çin istehsalçıları tərəfindən hazırlanmış sadə bir yumşaq tüklü, məxməri oyuncaq üzərindəki kiçik bir dizayn səhvi sosial mediada gözlənilmədən böyük maraqla qarşılanıb və qısa müddət ərzində viral fenomenə çevrilib.

Ağzı səhvən tərs tikilmiş “ağlayan at” adlı bu sevimli oyuncağın üz ifadəsi, planlaşdırılmışdan fərqli olaraq kədərlənmiş kimi görünür. Əslində bu məhsul Ay Yeni İli və At ilini qeyd etmək üçün hazırlanmış adi bir bəzək oyuncağı idi. Lakin üzərindəki təsadüfi ifadə bu kiçik oyuncağı milyonlarla insanın diqqət mərkəzinə gətirib.

Çin sosial media platforması “Weibo”da paylaşılan və “#YiwuCryCryHorseGoneViral” (Yiwu ağlayan at viral oldu) adlı etiket altında yayılan paylaşımlar təxminən 100 milyon dəfə görüntülənib. Bu kiçik oyuncaq hələ bir müddət əvvəl sadəcə bir istehsal xətası idi, lakin indi o, xüsusilə çox işləyən və dəyəri az bilinən insanlar üçün emosional bir simvol kimi qəbul edilir.

Renmin Universitetindən sosial media mütəxəssisi Uanq Bin bu trendlə bağlı açıqlamasında bunun toplumsal yorğunluğun psixoloji ifadəsi olduğunu bildirib. Bir çox istifadəçi oyuncağın üz ifadəsini öz gündəlik həyatı ilə əlaqələndirərək, “işdə özümü belə hiss edirəm” kimi şərhlər yazıb. Başqa bir internet istifadəçisi isə bu oyuncağın gücünə baxmayaraq yüksək təzyiq altında olan cəmiyyət üçün rahatladıcı təsir göstərdiyini vurğulayıb. Qiyməti təxminən 25 yuan (təxminən 6 AZN) civarında olan bu sadə yumşaq oyuncaq, sürətlə trendə çevrilərək həm satıcıların, həm də internet istifadəçilərinin diqqətini çəkib.