Ehtimal olunan müharibə öncəsi İranın xarici işlər naziri Abbas Araqçi 30 yanvarda Türkiyəyə rəsmi səfər edəcək. Səfərin əsas məqsədi iki ölkə arasında regional və ikitərəfli məsələlərdə dialoqu gücləndirmək, eləcə də bölgədə artan gərginlikləri diplomatik müstəvidə müzakirə etməkdir.
Rəsmi mənbələrdən verilən məlumata görə, Araqçi səfər çərçivəsində türkiyəli həmkarı Hakan Fidan ilə görüşəcək və görüşdə region təhlükəsizliyi, Suriyada sülh prosesi, ticarət və əməkdaşlıq məsələləri kimi vacib mövzular masaya yatırılacaq. Bu danışıqlarda həmçinin Türkiyə-İran əlaqələrinin inkişafı və regional sabitlik adına atıla biləcək addımlar müzakirə olunacaq.
Türkiyə Xarici İşlər Nazirliyi qarşılıqlı əlaqələrə xüsusi önəm verdiyini bildirərək, İranın bölgədə sülh və sabitlik üçün vacib bir tərəfdaş olduğunu vurğulayır.
Görüşdə, iki ölkə arasında 2014-cü ildə yaradılan “Yüksək Səviyyəli Əməkdaşlıq Şurası” mexanizmləri çərçivəsində əlaqələrin daha da genişləndirilməsi niyyəti də ifadə olunacaq.
Bu səfər regionda gərginliyin artdığı bir dövrə təsadüf edir və bir sıra beynəlxalq analitiklər diplomatik kanalların fəallaşdırılmasını mümkün qarşıdurmanın qarşısını almaq üçün strateji addım kimi qiymətləndirirlər.