Cənubi Koreyada sabiq birinci xanım korrupsiyada təqsirli bilindi

Cənubi Koreya məhkəməsi sabiq birinci xanım Kim Gon Hini korrupsiya ittihamı ilə 1 il 8 ay həbs cəzasına məhkum etdi. İş keçmiş prezident Yun Sok Yolun adı ilə bağlı qalmaqallarla əlaqələndirilir.

58

Cənubi Koreya məhkəməsi ölkənin sabiq birinci xanımı Kim Gon Hini korrupsiya cinayətlərində təqsirli bilərək 1 il 8 ay müddətinə azadlıqdan məhrum edib. Bu barədə yerli “YTN” televiziya kanalı məlumat yayıb.

Kim Gon Hi sabiq prezident Yun Sok Yolun həyat yoldaşıdır. O, avtomobil dileri “Deutsch Motors” ilə bağlı qiymətli kağızlar üzrə maliyyə maxinasiyaları, “Birləşmə Kilsəsi” adlı dini təşkilatdan bahalı hədiyyələr qəbul etməklə əvəzində işgüzar xidmətlər göstərmək, eləcə də seçkilər zamanı ictimai rəy sorğularına müdaxilə etməkdə ittiham olunurdu.

Qeyd edək ki, Yun Sok Yol 2024-cü il dekabrın 3-də ölkədə hərbi vəziyyət elan etməyə cəhd göstərmiş, lakin bu addım uğursuz olmuşdu. Sabiq prezident 16 yanvar 2025-ci ildə həbsin qarşısını almaqda günahlandırılaraq 5 il müddətinə azadlıqdan məhrum edilib.

Hazırda Yun Sok Yol ümumilikdə səkkiz müxtəlif cinayət işi üzrə müttəhim qismində məhkəmə proseslərində iştirak edir. Onlardan dördü birbaşa ölkədə hərbi vəziyyətin tətbiqi cəhdi ilə bağlıdır. Analitiklər bu məhkəmə proseslərini Cənubi Koreyada son illərin ən dərin siyasi və hüquqi böhranlarından biri kimi qiymətləndirirlər.