Şotland alimlər yeraltı sınaq üçün okeanın 11 kilometr dərinliyinə enəcəklər

Şotland alimlər “qaranlıq oksigen” fenomenini təsdiqləmək üçün Sakit okeanın 11 kilometr dərinliyinə enəcək ekspediya hazırlayır; bu, planetimizdə və başqa səma cisimlərində həyat anlayışını dəyişə bilər.

59

Elm dünyasında müzakirələrə səbəb olan “qaranlıq oksigen” anlayışını təsdiqləmək üçün şotland alimlər dərin okean dibi ekspedisiyasına hazırlaşır.

Şotlandiya Dəniz Elmləri Cəmiyyətindən Endryu Svitmenin rəhbərliyi altında qrup, Sakit Okeanının təxminən 11 kilometr dərinliyinə enərək bu iddianı sınaqdan keçirməyi planlaşdırır. Layihə “Nippon Foundation” tərəfindən təxminən 2 milyon funt sterlinq məbləğində maliyyələşdirilir və üç illik bir proqram çərçivəsində həyata keçirilir.

Məqsəd dərin okean dibində günəş işığı olmadan oksigen yaranması iddiasını təsdiqləməkdir. 2024-cü ildə “Nature Geoscience” jurnalında yayımlanan araşdırmada okeanın dibindəki bəzi metalların dəniz suyunu təbii elektroliz yolu ilə hidrogen və oksigenə ayıra bildiyi göstərilmişdi, lakin bu nəticələr elmi ictimaiyyət arasında mübahisələrə səbəb olub.

Səfər üçün hazırlanmış iki xüsusi dərin dəniz vasitəsi — “Alisa” və “Kaia” — yüksək təzyiqə davamlı olacaq şəkildə dizayn edilib və ilk enişin may ayında baş tutacağı planlaşdırılır. Layihənin ilkin nəticələrinin iyun ayında ictimaiyyətlə paylaşılması gözlənir. Elmi nəticələr təsdiqlənərsə, bu kəşf yalnız dəniz elmləri üçün deyil, həm də dünya xaricində həyatın mümkünlüyü ilə bağlı nəzəriyyələrə əhəmiyyətli təsir göstərə bilər.