İrana qarşı növbəti sanksiya

ABŞ hökuməti İranın dinc nümayişçilərə qarşı repressiyalarını əsas gətirərək doqquz gəmi və səkkiz şirkəti sanksiya siyahısına əlavə edib.

59

ABŞ hökuməti İranda baş verən etirazlar zamanı dinc nümayişçilərin öldürülməsi və insan haqları pozuntularını əsas gətirərək Tehrana qarşı yenidən sanksiya qərarı qəbul edib.

ABŞ Dövlət Departamentinin açıqlamasına görə, bu addım İranın iqtisadi mənbələrini məhdudlaşdırmaq məqsədi daşıyır və ölkənin repressiv siyasətini cəzalandırmaq üçün atılıb.

Yeni sanksiyalar çərçivəsində İranla əlaqəli doqquz gəmi və səkkiz şirkət sanksiya siyahısına salınıb. Bunlar Hindistan, Oman və Birləşmiş Ərəb Əmirlikləri mərkəzli gəmilər və şirkətlər olub və yüz milyonlarla dollar dəyərində İran neftinin xarici bazarlara daşınması ilə əlaqələndirilirlər.

ABŞ Xəzinə Departamenti bu addımın həm İranın maliyyə axınlarını kəsəcəyini, həm də ölkədəki insan haqları vəziyyətini pisləyən addımların qarşısını almağı hədəflədiyini bildirib. Rəsmi açıqlamada ABŞ sanksiya qərarını İran hökumətinin etirazlara reaksiyası və internet məhdudiyyətləri ilə əlaqələndirib. Bildirilib ki, ölkədə tətbiq olunan internet kəsintiləri dinc nümayişlərlə bağlı məlumatların yayılmasının qarşısını almaq üçün həyata keçirilib və bu da sanksiyaların əsas səbəblərindən biridir. Bu yeni sanksiya dalğası regionda və beynəlxalq səviyyədə İranın nüfuzuna təsir edən tədbirlərdən bir hissəsidir.

Qeyd edək ki, ABŞ və digər Qərb ölkələri son aylarda İranın etirazları və insan haqları vəziyyəti ilə bağlı əlavə məhdudiyyətlər tətbiq ediblər, o cümlədən rəsmi şəxslər və qurumlar üzərində sanksiyalar sərtləşdirilib.