ABŞ 16–20 yanvar tarixlərində Antarktikada yerləşən xarici ölkələrə məxsus tədqiqat stansiyaları, obyektlər və avadanlıqlar üzərində yoxlamalar aparıb.
ABŞ Dövlət Departamentinin yaydığı açıqlamaya görə, yoxlamalar Dövlət Departamenti, Milli Elm Fondu və Müdafiə Nazirliyinin nümayəndələrindən ibarət xüsusi qrup tərəfindən həyata keçirilib.
Məlumata əsasən, yoxlama çərçivəsində Avstraliyanın “Davis” və “Law”, Çinin “Conqşan”, Hindistanın “Bharati” və Rusiyanın “Progress” tədqiqat stansiyaları araşdırılıb. Açıqlamada stansiyalarda çalışan şəxslərin yoxlama qrupu üçün göstərdiyi logistik dəstəyin yüksək qiymətləndirildiyi bildirilib.
Qeyd olunub ki, bu yoxlama 1963-cü ildən bəri ABŞ-ın Antarktikadakı xarici tədqiqat stansiyalarında apardığı 16-cı rəsmi inspeksiyadır və bu addım ABŞ hökumətinin Antarktika Müqaviləsi Sisteminə sadiqliyini əks etdirir. Xüsusilə, qadağan olunmuş hərbi fəaliyyətlər, mədən hasilatı və stansiyaların təhlükəsiz istismarı ilə bağlı müddəalara riayət olunmasının təmin edilməsinin əsas məqsəd olduğu vurğulanıb.
Açıqlamada bildirilib ki, yoxlamanın nəticələri may ayında Yaponiyanın Hiroşima şəhərində keçiriləcək növbəti Antarktika Müqaviləsi üzrə Məsləhətləşmə Toplantısında təqdim olunacaq.
ABŞ 1959-cu il Antarktika Müqaviləsinə uyğun olaraq qitənin yalnız sülh məqsədləri üçün istifadə edilməsinə diqqət yetirərək, həm milli təhlükəsizlik maraqlarını qorumağı, həm də Antarktikada lider rolunu davam etdirməyi hədəflədiyini bəyan edib.