İlham Əliyev Davosda Vahaqn Xaçaturyan ilə görüşdü

Davosda keçirilən Dünya İqtisadi Forumunda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Vahagn Xaçaturyan Azərbaycan-Ermənistan sülh prosesi və Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı nikbin mesajlar səsləndirib.

48

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Vahaqn Xaçaturyan Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində çıxış edərək iki ölkə arasında sülh gündəmi və regionda normallaşma prosesləri ilə bağlı müsbət mesajlar veriblər.

İlham Əliyev “Avrasiyanın iqtisadi kimliyinin müəyyənləşdirilməsi” mövzusunda paneldə çıxışı zamanı 8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasını tarixi nailiyyət kimi qiymətləndirib. Prezident bildirib ki, artıq iki ölkə arasında əməkdaşlıq mərhələsi başlayıb və bunun ilk real nəticələri görünməkdədir. Onun sözlərinə görə, Azərbaycanın Ermənistana neft ixracına başlaması bu ölkədə yanacaq qiymətlərinin enməsinə səbəb olub və bu, sülhün gündəlik həyata birbaşa təsirinin nümunəsidir.

Əliyev vurğulayıb ki, Azərbaycan Ermənistana nəqliyyat bağlantılarını birtərəfli şəkildə açıb və hazırda daşımalar Gürcüstan üzərindən həyata keçirilsə də, yaxın gələcəkdə birbaşa Azərbaycan ərazisindən tranzit keçid mümkün olacaq. O qeyd edib ki, Ermənistanın Azərbaycan üzərindən Rusiyaya tranzit üçün artıq müraciətləri mövcuddur. Prezident əlavə edib ki, regional səviyyədə uğur əldə olunmadan qlobal məsələlərə töhfə vermək mümkün deyil və Azərbaycan-Ermənistan sülh prosesi ilə Türkiyə-Ermənistan normallaşmasının paralel şəkildə irəliləyəcəyinə inanır.

Ermənistan Prezidenti Vahagn Xaçaturyan isə bir neçə il əvvəl müharibə vəziyyətində olan iki ölkənin bu gün sülhə fokuslanmasını tarixi dəyişiklik kimi dəyərləndirib. O bildirib ki, hazırda Ermənistana yüklər Gürcüstan üzərindən daşınır, lakin gələcəkdə bu daşımalar birbaşa Azərbaycan üzərindən həyata keçiriləcək. Xaçaturyan qeyd edib ki, əsas məsələ keçmişə deyil, gələcəyə baxmaqdır və geriyə dönüb səbəbləri axtarmaq yeni imkanların itirilməsinə gətirib çıxara bilər.

Xaçaturyan yaxın illərdə Azərbaycan və Ermənistan vətəndaşlarının sərhədi keçərək ticarətə başlayacağına və bunun regionda münasibətləri normallaşdıracağına əminliyini ifadə edib. O vurğulayıb ki, ölkələrin maraqları iqtisadi inkişaf, rifah, sülh və qonşularla yaxşı münasibətlər üzərində qurulmalıdır. Ermənistan Prezidenti eyni yanaşmanın Türkiyə üçün də keçərli olduğunu bildirərək Türkiyə ilə sərhədlərin açılmasının vacibliyini qeyd edib.