İspaniyada iki sürətli qatar relsdən çıxdı – ÖLƏNLƏR VAR

İspaniyanın Andalusiya bölgəsində Kurtuba yaxınlığında iki sürətli qatarın relsdən çıxması nəticəsində 21 nəfər ölüb, çox sayda yaralı var, hökumət fövqəladə xidmətlərlə birlikdə xilasetmə işlərini davam etdirir.

69

İspaniyanın cənubundakı Andalusiya bölgəsinin Kurtuba şəhəri yaxınlığında iki sürətli qatarın relsdən çıxması nəticəsində 21 nəfər həyatını itirib.

Yerli medianın məlumatına görə, Kurtubaya bağlı Adamuz qəsəbəsində Malaqadan Madridə gedən sürətli qatarın üç vaqonu relsdən çıxıb, eyni vaxtda qarşı xətt üzrə Uelva istiqamətinə hərəkət edən başqa bir qatar isə relsdən çıxmış vaqonlara görə manevr etmək məcburiyyətində qalıb və onun da bəzi vaqonları aşıb.

İspaniyanın rəsmi xəbər agentliyi EFE-nin istintaqı aparan səlahiyyətlilərə istinadən verdiyi xəbərə görə, birinci qatarda 317, ikinci qatarda isə 100 sərnişin olub, qəza nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb və çox sayda yaralı var.

Hadisə yerinə Kurtubadan beş mobil reanimasiya briqadası, bir logistika dəstək maşını və dörd təcili kritik tibbi yardım bölməsi göndərilib.

Adamuzda səhra hospitalı qurulub, hərbi fövqəladə yardım birliyindən 37 əsgər cəlb edilib, açıq havada qalan sərnişinlərin təxliyəsi davam etdirilir, ətrafdakı sakinlər isə yorğan və ərzaq yardımı göstərir.

Digər tərəfdən, baş nazir Pedro Sançes sabahkı proqramını ləğv edib və “X” sosial şəbəkəsində paylaşım edərək Adamuzda relsdən çıxan iki yüksək sürətli qatarın qarışdığı qəzanı yaxından izlədiklərini, hökumətin sərnişinlərə kömək etmək üçün digər müvafiq qurumlar və təcili xidmətlərlə birlikdə çalışdığını bildirib. Madridə gedən qatarın vaqonlarının niyə relsdən çıxmasına səbəb olan amillər isə hələlik məlum deyil.