😭 — “ucadan ağlayan üz” emojisi “Google”-un 2025-ci il məlumatlarına görə dünyada ən çox istifadə olunan emoji olub.
MSNews.az xəbər verir ki, nəticələr “Google”-un “Gboard” klaviaturasında istifadə olunan 665 milyon emojidən ibarət anonim nümunənin təhlilinə əsaslanır. Məlumatlar “Google” tərəfindən “The New York Times”a təqdim edilib. 😭 emojisi əvvəlki illərin populyar reaksiyaları olan 🤣 və 😂 işarələrini geridə qoyub. Bu barədə “ThePrint” məlumat yayıb.
Google özü də emoji istifadəsinin son illərdə dəyişdiyini qeyd edir. Şirkətin məlumatına görə, uzun müddət lider mövqedə olan 😂 emojisi 2025-ci ilədək reytinqdə geriləyib. 😭 isə daha çevik məna qazanaraq yalnız kədəri deyil, çox gülməli, təsirli, utandırıcı və ya emosional baxımdan həddindən artıq güclü vəziyyətlərə reaksiyanı da ifadə etməyə başlayıb.
“The New York Times”ın “Reddit” paylaşımlarının təhlili və dilçilərlə müsahibələrinə əsaslanan nəticələrə görə, xüsusilə gənc istifadəçilər 😂 və 🤣 kimi klassik gülüş emojilərini artıq həddindən artıq istifadə olunmuş hesab etməyə başlayıblar. Bu da 😭 kimi alternativ reaksiyaların populyarlığını artırıb.
Digər diqqətçəkən tendensiya isə 🥀 emojisi ilə bağlıdır. Google məlumatları qırıq ürək 💔 işarəsindən solmuş çiçək 🥀 emojisinin istifadəsinə doğru nəzərəçarpacaq keçid olduğunu göstərir. Xüsusilə “Gen Z” və “Gen Alpha” 🥀 işarəsindən kədər, məyusluq, ürək ağrısı və emosional tükənmişliyi bəzən ironik formada ifadə etmək üçün istifadə edir.
Qeyd edək ki, 665 milyonluq göstərici bütün sosial şəbəkə və messencerlərin ümumi statistikasını deyil, “Google”-un “Gboard” klaviaturasından əldə etdiyi anonim istifadə nümunəsini əhatə edir.