1943-cü ildə Stalinin Tehran səfəri: FSB arxivləri sovet kəşfiyyatının qarşılaşdığı xaosu üzə çıxardı

1943-cü il Tehran konfransı ərəfəsində Stalinin səfəri zamanı sovet təhlükəsizlik orqanlarının qarşılaşdığı çətinliklər, FSB arxiv sənədlərində təsvir olunan şəhərin xaotik nəqliyyatı və təhlükəsizlik tədbirləri barədə geniş xəbər.

96

Tehranın xaotik küçələri Stalinin 1943-cü il səfəri öncəsi sovet təhlükəsizlik orqanlarını şoka salmışdı.

1943-cü ildə keçirilən məşhur Tehran konfransı ərəfəsində şəhərdə hökm sürən nəqliyyat qarışıqlığı sovet təhlükəsizlik orqanlarını ciddi narahat etmişdi. Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) arxivindən əldə edilmiş yeni sənədlərdə bildirilir.

Rəsmi məlumatlara görə, həmin dövrdə şəhərin küçələrində hərəkət tamamilə nizamsız idi: avtomobillər, motosikletlər, velosipedlər, arabalar, eləcə də, dəvə və ulaq karvanları eyni yollardan istifadə edirdi. Polis əməkdaşları isə ya öhdəliklərini lazımi qaydada yerinə yetirə bilmir, ya da ümumiyyətlə nəqliyyat axınına diqqət göstərmirdilər.

Arxiv sənədlərində qeyd olunur ki, xüsusilə, ingilis və amerikalılara məxsus hərbi maşınların sürücüləri yol göstərən tənzimləyicilərin göstərişlərinə tabe olmurmuş:

“Biz bir dəfə də olsun qaydaları pozan sürücünün saxlanıldığını, xəbərdarlıq edildiyini və ya cərimələndiyini müşahidə etmədik. Şəhərdə quraşdırılan bəzi svetoforlar isə nəqliyyatın tənzimlənməsi vasitəsi deyil, daha çox dekorasiya rolunu oynayırdı.”

Təhlükəsizlik problemləri təkcə yollarda deyil, kütləvi tədbirlərdə də özünü göstərirdi. Arxiv sənədində 27 oktyabr 1943-cü ildə şahın doğum günü münasibətilə keçirilən idman tədbirlərində polis və əsgərlərin böyük izdihamı güclə saxladığı bildirilir. Şah meydana daxil olduqda kütlə idmançıları ayaqlar altında qoymuş, əsgərlər insan axınını şiddətlə geri oturtmağa məcbur olmuşdular. Hətta diplomatik tribunada yerləşən NKQB əməkdaşları belə ciddi təhlükə ilə üz-üzə qalıb.

Sənədlərə görə, 26 noyabr 1943-cü ildə Stalin üçün ən kritik məsələ aerodromdan sovet səfirliyinə qədər olan yeddi kilometrlik marşrutun təhlükəsizliyi olub. Küçələr əvvəlcədən təmizlənib, bütün yol 10 sektora bölünərək hər birinə NKQB zabiti təyin edilmişdi. Marşrut boyu 400 nəfərdən çox Qızıl Ordu və 131-ci NKVD polku əməkdaşı, 100-dən artıq gizli sovet keşik postu və dar küçələrdə 163 avtomatçıdan ibarət ehtiyat qüvvə yerləşdirilmişdi.

Radiokommunikasiya olmadığı üçün təhlükəsizlik xidmətinin rəisi Dmitri Şadrin Stalinin kortejinin hərəkətinə az qalmış marşrutu qırmızı bayraqlı avtomobildə keçərək bütün postlara siqnal vermişdi.