Son günlər sosial mediada 12 avqust 2026-cı ildə Yer kürəsinin cazibə qüvvəsini təxminən 7 saniyəlik itirəcəyi ilə bağlı iddialar geniş yayılıb. Bu iddialarda bəzi istifadəçilər belə bir hadisənin səbəbi kimi iki qara dəliyin yaydığı cazibə dalğalarının kəsişməsini göstərir, hətta NASA-nın “gizli layihə” çərçivəsində buna hazırlaşdığı iddia edilir.
Lakin bu məlumatların heç bir elmi əsası yoxdur. Fiziklər və kosmik agentliklərin nümayəndələri açıqlayıblar ki, cazibə qüvvəsi Yer kürəsinin kütləsinə bağlıdır və bu gücün qəfil yoxa çıxması üçün planetin kütləsini itirməsi lazım olardı — bu isə mümkün deyil.
Əslində sosial mediada yayılmış videolarda “7 saniyə” və “12 avqust” kimi dəqiq rəqəmlər istifadə olunsa da, elmi icma bu iddiaları absurd sayır. Cazibə qüvvəsi fundamental fizika qanunları ilə müəyyən edilir və yaxın gələcəkdə belə bir qlobal fenomendən danışmaq üçün heç bir elmi dəlil yoxdur.
NASA və müstəqil elmi mənbələr də bu fikirləri rədd edərək bildiriblər ki, Yer kürəsinin cazibə qüvvəsi planetin mərkəzi, mantiyası, qabığı və atmosferi daxil olmaqla bütün kütləsi ilə bağlıdır və bu miqyasda bir dəyişiklik qeydə alınmayacaq.
Nəticə olaraq, Yer kürəsinin cazibə qüvvəsinin 7 saniyəlik “itməsi” ilə bağlı iddialar yalnış və elmi cəhətdən əsassızdır.